Mayın 22-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda bir sıra məsələlər müzakirə edilmişdir.
Elmi Şurada professor Nazim Müzəffərli “Hərbi təcavüz və işğal nəticəsində vurulmuş zərərin qiymətləndirilməsi metodologiyası (Azərbaycanın nümunəsində)” mövzusunda məruzə ilə çıxış edib, geniş müzakiələr aparılıb, mövzu ilə bağlı iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Tədbirə ölkənin aparıcı universitetlərinin və bir sıra dövlət qurumlarının nümayəndələri də qatılıblar.
İclasda Elmi Şuranın qərarı ilə professor Tofiq Hüseynovun “Azərbaycanın investisiya cəlbediciliyi: reallıqlar və perspektivlər” kitabı, i.f.d. Akifə Ağayarovanın "Azərbaycan Respublikasında beynəlxalq əhali miqrasiyası: əsas meyillər və problemlər" adlı monoqrafiyası və i.e.d. Yaşar Məmmədovun hazırladığı "Azərbaycanda fond bazarının inkişafı" bülleteni çapa tövsiyə olunub.
Prof. N.Müzəffərli İqtisadiyyat İnstitutunun əməkdaşı Aygün Təhməzlini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibəti ilə təbrik edib (economics.org.az).





