İqtisadiyyat İnstitutunda professor Nazim Müzəffərli bununla bağlı məruzə ilə çıxış edib
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Elmi Şurasında İnstitutun direktoru, professor N.Müzəffərli qiymətləndirmənin metodologiyası haqqında məruzə ilə çıxış edib. Tədbirə ölkənin aparıcı universitetlərinin və bir sıra dövlət qurumlarının nümayəndələri də qatılıblar.
N.Müzəffərli Ermənstanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizi işğal etməsi nəticəsində vurulmuş zərərin hesablanması üçün hazırlanmış metodologiya barəsində geniş məlumat verib. Bu vaxta qədər dünyada zərərin qiymətləndirilməsi üzrə bir neçə fərqli metodologiyanın tətbiq olunduğunu qeyd edərək bildirib ki, bunların heç biri uzunmüddətli (çoxillik) işğal dövründə vurulmuş ziyanın hesablanması üçün yetərli deyil. Ona görə də Azərbaycanda bu problemin həllinə yeni metodoloji yanaşma tətbiq edilib.
2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Ermənistanın işğalı nəticəsində Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi üzrə o zaman Maliyyə naziri olan Samir Şərifovun rəhbərliyi ilə müxtəlif nazirliklərin, dövlət komitə və agentliklərinin rəhbər şəxslərinin daxil edildiyi dövlət komissiyası yaradılıb. Hesabatın hazırlanmasında, komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupla yanaşı, İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı da iştirak edib.
Məruzəçi ümumi metodoloji problemləri və onların necə həll olunduğunu göstərməklə yanaşı, insan itkiləri ilə bağlı mənəvi zərərin, daşınar və daşınmaz əmlak üzrə ziyanın, iqtisadi itkilərin, minalarla çirkləndirilmənin, ətraf mühitə vurulmuş zərərin və digər bu cür komponentlərin hesablanması və qiymətləndirilməsinin metodologiyası, alət və üsulları haqqında ətraflı məlumat verib. Bu metodologiya əsasında qiymətləndirməyə görə, Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərin ümumi həcmi təqribən 250 milyard manat (150 milyard ABŞ dolları) qədərdir.
Sonda N.Müzəffərli iştirakçıların çoxsaylı suallarını cavablandırıb (economics.org.az).





