(1933, Evanston, ABŞ)
Əsərləri: “Kapital yığımının qızıl qaydası” (1961), “İqtisadi artımın qızıl qaydaları” (1966), “Pul-əmək haqqı dinamikası və əmək bazarının tarazlığı”(1968), “Məşğulluq və inflyasiya nəzəriyyəsinin makroiqtisadi əsasları” (1970), “İnflyasiya siyasəti və işsizlik nəzəriyyəsi” (1972), “Mikroiqtisadi nəzəriyyə sahəsində tədqiqatlar” (1979-80), “Siyasi iqtisadiyyat: giriş mətni” (1985), “Makroiqtisadi fikrin yeddi məktəbi” (1990), “İnklüzivliyin dizaynı” (2003), “İqtisadi ədalət və innovasiya ruhu” (2009), “Yaxşı həyat və yaxşı iqtisadiyyat” (2009), “Böyük tərəqqi” (2013).
Edmund Felps dövrümüzün məşhur iqtisadçılarındandır. İqtisadi baxışlarına görə, o, neo-keynsçi sayılır. Felpsin tədqiqatının əsas məqsədi qeyri-bərabər, tarazlı olmayan bazar şəraitinin potensialı və onun iqtisadiyyata olan təsiridir.
Felpsin əmək bazarının tarazlıq vəziyyətini təsvir etdiyi modeldə əmək haqqı stimullaşdırıcı rol oynayır və yeni işçiləri işə götürmək üçün kifayət edir. Eyni zamanda, ödənişin stimullaşdırıcı xarakterindən əməyin miqdarının məhdudlaşdırılması yaranır ki, bu da məcburi işsizliyə səbəb olur. İqtisadçı əsərlərindən birində iqtisadiyyatı arxipelaq kimi təqdim etmişdir. Bu arxipelaqın adalarının hər birində işçilər yerli əmək haqqını qəbul etmək və ya başqa bir adaya köçmək barədə qərar qəbul edirlər. Bu halda, daha yaxşı ödəniş üçün axtarış bir müddət vaxt alır və könüllü işsizlik yaranır. O, işsizlik göstəricisinin tarazlıq vəziyyətinin qeyri-monetar üsullarla əldə edildiyini iddia edirdi.
Felpsin nəzəriyyəsinə görə, firmalar müəyyən sayda işçilərin işə götürülməsi üçün maaşları təyin edirlər. Firmaya nə qədər çox işçi lazım olarsa və əmək bazarında işsizlik səviyyəsi nə qədər aşağıdırsa, işəgötürənlərin təklif etdiyi maaşlar bir o qədər yüksək olacaqdır. O sübut edirdi ki, firma öz maaşlarını bütün iqtisadiyyat səviyyəsində əmək haqqının səviyyəsi ilə bağlı bazar gözləntilərilə eyni səviyyəyə yüksəltdikdə, işsizliyin unikal “tarazlıq səviyyəsi” mövcud olur.
Felpsin tədqiqatının yenilikçi cəhəti budur ki, o, fərdi agentlərin əmək bazarında necə fəaliyyət göstərdiyini təsvir etmişdir. Belə ki, hipotezin nəticələrindən birinə görə, daha keyfiyyətli işçilərin cəlb edilməsi məqsədilə əmək haqlarının artırılması firmanın maraq dairəsindədir.
Felps iqtisadiyyatda məlumatların rolu nəzərə alınmaqla əmək haqqı və qiymətlərin əsaslı təhlilini aparmış və belə nəticəyə gəlmişdir ki, fərdi agentlər başqalarının hərəkətləri barədə tam məlumatlara malik olmadığı üçün öz qərarlarını gözləntilər əsasında qururlar. Bununla da inflyasiyanın işsizlik və inflyasiya gözləntilərindən asılı olduğunu ifadə edən fərziyyə irəli sürmüşdür. Alim gələcəkdə stabilləşmə siyasəti üçün imkanların günümüzün qərarlarından necə asılı olduğunu göstərmişdir: aşağı inflyasiya, gələcəkdə də aşağı səviyyəli inflyasiya gözləntilərinə gətirib çıxarır. Və ya əksinə, bu gün yüksək inflyasiya iqtisadi agentlərin sabah da yüksək inflyasiya səviyyəsini gözlədiyini ifadə edir ki, bu da gələcəkdə real inflyasiyanın azaldılmasını daha da çətinləşdirir.
Felps kapital qoyuluşu və artımla əlaqədar olaraq indiki və gələcək istehlak arasında zamanlararası mübadilənin qızıl qaydasını işləyib hazırlamışdır. Onun modeli gələcək nəsillər üçün maksimum dayanıqlı istehlak səviyyəsini yaratmaq məqsədilə tələb olunan qənaət və investisiyanın dərəcəsini müəyyən edir.
P.S. Edmund Felps ABŞ-ın İllinois ştatının Evanston şəhərində anadan olmuşdur. Həvəskar truba (şeypur) ifaçısı olan Edmund böyüdüyü yaradıcı mühitin həyatına böyük təsir göstərdiyini qeyd etmişdir.
6 yaşında olarkən ailəsi ilə birlikdə Nyu Yorka köçmüş və məktəb illərini orada keçirmişdir. Atasının məsləhəti ilə Pol Samuelsonun müəllifi olduğu məşhur “İqtisadiyyat” dərsliyi əsasında tədrisin aparıldığı iqtisadiyyat kursuna daxil olmuşdur. Biznes sahəsində təhsil almaqla çox maraqlanan Felpsdə formal təhlilin biznesə tətbiqi imkanı böyük təəssürat yaratmışdır. Burada o, mikro və makroiqtisadiyyat arasındakı boşluq və mövcud nəzəriyyə sahəsində həll olunmamış problemlə qarşılaşmışdır. Amherst kollecində bakalavr təhsilini almış, Yel (Yale) universitetində isə magistr və iqtisad üzrə fəlsəfə doktoru dərəcələrinə yiyələnmişdir.
Felps ABŞ-da bir neçə institutda dərs demiş və tədqiqat aparmışdır. O, ABŞ Xəzinədarlıq Departamentində, ABŞ Senatının Maliyyə Komitəsində və Federal Ehtiyatlar Şurasında məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2001-ci ildə Roman Fridman ilə birlikdə kapitalizmi təşviq etmək və araşdırma aparmaq üçün Kolumbiyada Kapitalizm və Cəmiyyət Mərkəzini (indiki İncəsənət və Elmlər bölməsini) təsis etmişdir və hazırda oranın direktorudur.
2006-cı ildə, 73 yaşında olarkən Makroiqtisadi siyasətdə zamanlararası mübadilənin analizinə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. O, 1999-cu ildən həmin ilədək bu mükafatı tək alan ilk iqtisadçı idi. Həmçinin bu mükafat tarixində 40-cı amerikalı olmuşdur.
Edmund 1981-ci ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü, 2000-ci ildə Amerika İqtisadiyyat Assosiasiyasının fəxri üzvü, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, həmçinin Ekonometrika Cəmiyyətinin, Amerika İncəsənət və Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının üzvüdür. Alimin akademik işləri bir sıra ölkələrin aparıcı universitetləri tərəfindən yüksək qiymətləndirilmiş və fəxri fərmanlarla mükafatlandırılmışdır.
Felps 80-dən çox elmi məqalənin, 90-dan çox digər iqtisadi sənədlərin, hesabatların, mikro və makroiqtisadiyyat üzrə bir neçə kitabın müəllifidir. O, Artur Okun, Nobel mükafatı laureatları Pol Samuelson, Ceyms Tobin, Robert Solou, Eduard Preskot and Franko Modilyani ilə yaxından tanış olmuşdur.
Felps ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətini sərt tənqid edərək bunu faşizm dövründə yürüdülən iqtisadi siyasətlə müqayisə etmişdir.
Ailəli olan 91 yaşlı Felpsin öz şəxsi avtomobili yoxdur.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





