Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş maarifləndirici tədbir təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqətin yönəldilməsi, eləcə də bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi olub.
Tədbirdə çıxış edən İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, dosent Pərviz Həsənov İnsan Hüquqları Gününün tarixi və mahiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində formalaşdırılmış milli hüquqi baza, qəbul olunmuş qanunvericilik aktları və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar barədə danışıb.
P.Həsənov təqdimatında müasir dövrdə aktuallıq kəsb edən insan hüquqları məsələlərinə də toxunub. O, uşaq hüquqlarının müdafiəsi, əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması, inklüziv cəmiyyətin formalaşdırılması, gender bərabərliyinin təşviqi, həssas sosial qrupların müdafiəsi, eləcə də rəqəmsal mühitdə insan hüquqlarının qorunması kimi mühüm mövzular barədə geniş məlumat verib.
Bildirilib ki, insan hüquqlarının təmin olunması demokratik cəmiyyətin əsas prinsiplərindən biridir və bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi hüquqi mədəniyyətin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may–18 iyun tarixləri ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. Artıq ənənə halını almış bu təşəbbüs çərçivəsində paytaxtda və regionlarda insan hüquqlarına həsr olunmuş çoxsaylı tədbirlər keçirilir, hüquqi maarifləndirmə işləri genişləndirilir və əhalinin hüquqi biliklərinin artırılması istiqamətində fəaliyyətlər həyata keçirilir.
Tədbirdə vurğulanıb ki, “İnsan Hüquqları Aylığı”nın əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, ölkənin qoşulduğu beynəlxalq müqavilələrin, Dayanıqlı İnkişaf Məqsədlərinin, dövlət proqramlarının, strategiyaların və milli fəaliyyət planlarının icrasına dəstək verməkdir. Eyni zamanda ayrı-seçkilik, erkən evlilik, zorakılıq, narkomaniya və korrupsiya kimi mənfi hallara qarşı mübarizənin gücləndirilməsi, hüquqi düşüncə və hüquq mədəniyyətinin inkişaf etdirilməsi də əsas hədəflər sırasındadır.
Müasir dövrdə rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, informasiya təhlükəsizliyi, iqlim dəyişiklikləri və postmünaqişə dövrünün reallıqları insan hüquqlarının müdafiəsi sahəsində yeni yanaşmaların formalaşdırılmasını zəruri edir. Bu baxımdan şəxsi məlumatların qorunması, dezinformasiyaya qarşı mübarizə, süni intellektdən etik və məsuliyyətli istifadə, gənclər arasında hüquq mədəniyyətinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, insan hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyət və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları belə maarifləndirici görüşlərin insan hüquqları sahəsində biliklərin artırılması və hüquqi şüurun inkişafı baxımından mühüm rol oynadığını vurğulayıblar.





