(1953, Nyu York, ABŞ)
Əsərləri: “Dünya iqtisadiyyatında tənzimləmə” (1987), “Valyuta məzənnəsinin qeyri-stabilliyi” (1988), “Ticarət siyasəti və bazar strukturu” (1989), “Dünya iqtisadiyyatının üzləşdiyi risklər” (1991), “Coğrafiya və ticarət” (1991), “Valyutalar və böhranlar” (1992), “İnkişaf, coğrafiya və iqtisadi nəzəriyyə” (1995), “ABŞ-da birbaşa xarici investisiya” (1995), “Özütəşkilolunan iqtisadiyyat” (1996), “Məkan iqtisadiyyatı – şəhərlər, regionlar və beynəlxalq ticarət” (1999), “Valyuta böhranları” (2000), “Böyük həll” (2003), “Liberalın vicdanı” (2007), “İqtisadiyyat” (2007)
Pol Kruqman müasir dövrün tanınmış iqtisadçılarından biridir. 1970-ci illərin sonunda o, beynəlxalq ticarət və ticarətdə inhisarçı rəqabətin yeni modeli istiqamətində işləməyə başlamışdır. Daha sonra yeni ticarət nəzəriyyəsi və yeni iqtisadi coğrafiya işini hazırlamış və məşhurlaşdırmışdır.
Kruqmanın töhfəsi ondan ibarət idi ki, ticarət müqayisəli üstünlüklə deyil, daha çox regional konsentrasiya və iqtisadi iştirak miqyası ilə izah olunur. Onun nəzəriyyəsi qloballaşma və azad ticarətin dünya iqtisadiyyatına təsirini izah edir və ona əsaslanır ki, daha çox malların istehsal xərcləri istehsalın böyük həcmdə olması ilə azaldıla bilər. Bu, istehsalın miqyasının artımı hesabına qənaətdir. İstehlakçı tələbi baxımından malların müxtəlif növləri üzrə yerli bazar üçün kiçik miqyaslı istehsal tədricən dünya üçün böyük miqyaslı ilə əvəz olunur.
Geniş miqyaslı istehsal şəraitində nəinki malların müxtəlif növləri üzrə ixtisaslaşan ölkələr arasında ticarət genişlənir, Kruqmanın nəzəriyyəsinə görə, yalnız iqtisadi inkişafın eyni səhnəsində olan deyil, həmçinin hər hansı müəyyən bir malın ixrac və idxalı üzrə ixtisaslaşan ölkələr də tədricən bazarda dominant dövlətlərə çevrilirlər. Dünya bazarında müxtəlif ölkələrin iqtisadiyyatları arasındakı rəqabət sayəsində bu, istehsal xərclərinin azalmasına gətirib çıxarır.
Kruqman ümumilikdə azad ticarət və qloballaşmanı dəstəkləyir. Onun nəzəriyyəsi həmçinin dünya iqtisadiyyatının urbanizasiya səbəblərini də özündə ehtiva edir. Kruqmanın yeni iqtisadi coğrafiyası kapitalın və işçi qüvvəsinin böyük şəhərlərdə konsentrasiyasının əhali çoxluğu və nəqliyyat xərclərinin azalması hesabına böyük miqyaslı istehsal üstünlüklərindən maksimum istifadə imkanını izah edirdi. Belə ki, geniş miqyaslı istehsal və aşağı nəqliyyat xərcləri insanların əksər hissəsini meqapolislərdə yaşamağa meyl etdirir. Artan şəhər əhalisi, öz növbəsində, iqtisadi inkişafı və istehsal artımını stimullaşdırır, sakinlərin sayının daha da artmasına səbəb olur. Nəticədə, regionlar tədricən yüksək texnologiyalı “əsas sahə” və az inkişaf etmiş “periferiya”ya bölünürlər.
Kruqman makroiqtisadiyyat və fiskal siyasət sahəsindəki işləri ilə məşhur olmuşdur. O, Yaponiyanın itirilmiş onilliyini və Asiya böhranını tədqiq etmiş, Yaponiyanın düşdüyü likvidlik tələsindən bəhs etmişdir.
2008-ci il iqtisadi böhranından sonra, o, asketizmin əsas tənqidçisi idi. Kruqman iddia edirdi ki, aparıcı iqtisadiyyatlar klassik likvidlik tələsinə düşüblər. Belə vəziyyətdə o, hökumətlərin pul çap edə və faiz dərəcələri və ya inflyasiyanı artırmadan böyük büdcə kəsirini hərəkətə gətirə biləcəyini deyirdi. Onun likvidlik tələsi modeli aşağı inflyasiya və artımın bərpasının aşağı templərini proqnozlaşdırır.
Polun firkincə, maliyyə böhranı zamanı banklara maliyyə dəstəyini təmin etmək və böhrandan ən çox əziyyət çəkən maliyyə institutlarını milliləşdirməklə hökumətlər düzgün addım atmış olurlar. Bundan başqa, bu tədbirlər dövlət büdcəsinin statusundan asılı olmayaraq həyata keçirilməlidir. Dövlət, həmçinin iqtisadiyyatın qeyri-maliyyə sektoruna da yardım etməlidir.
Vergilərin azaldılmasının əleyhinə çıxış edən iqtisadçının fikrincə, bu, iqtisadiyyatı yaxşılaşdırmadan büdcə kəsirini artırır və varlıları zənginləşdirir, nəticədə ABŞ-da gəlir bölgüsü pisləşir. O, mənzil və digər uzunmüddətli mallara investisiya və xərcləri təşviq etmək üçün faiz dərəcələrinin aşağı salınmasını, infrastruktur, hərbi və işsizlik müavinətlərinə dövlət xərclərinin artırılmasını müdafiə edərək, bu siyasətlərin daha böyük stimullaşdırıcı təsir göstərəcəyi fikrini qeyd edirdi. Alim sosial təminatın özəlləşdirilməsi ideyası ilə razı deyildi.
Kruqman Con Meynard Keynsin işlərinə yenidən marağın oyanmasında mühüm rol oynamışdır. O, köhnə keynsçi yanaşmaya əsaslanmışdır. İqtisadçı qeyd edirdi ki, kiçik depressiyada hökumətlər iqtisadiyyatda kifayət qədər tələbi təmin etmək iqtidarında olmamışlar və bu da davamlı iqtisadi tənəzzülün və yüksək işsizliyin əsas səbəbi olmuşdur. O, spekulyativ kapital axınlarının üzərində dövlət nəzarətinin olmasının, eləcə də yaşıl iqtisadiyyata keçidin tərəfdarıdır.
P.S. Zəmanəmizin ən məşhur iqtisadçılarından hesab olunan, yəhudi ailəsində dünyaya gələn amerikalı iqtisadçı icmalçı və yazıçı Pol Kruqmanın anasının valideynləri ABŞ-a 1914-cü ildə Ukraynadan, ata tərəfdən nənə və babası isə 1920-ci ildə Belarusdan köç etmişdir. Pol iqtisadiyyata və tarixə uşaqlıqdan maraq göstərmişdir.
Alim Massaçusets Texnologiya İnstitutu, Stanford, Prinston və Yale universitetlərində, London İqtisadiyyat Məktəbində dərs demişdir.
Kruqman amerikan qəzetlərinin birində davamlı olaraq prezident Corc Buşun administrasiyasının yeritdiyi iqtisadi və xarici siyasəti amansız və ağıllı şəkildə tənqid etdiyi və belə siyasət səbəbindən maliyyə böhranını proqnozlaşdırdığı sütunlar yazıb. O iddia edirdi ki, həmin dövrdə büdcədəki böyük kəsirlər varlılara tətbiq olunan vergilərin azaldılması, dövlət xərclərinin artırılması və İraq müharibəsi nəticəsində yaranıb. Böhran baş verən zaman onun məqalələri təhlil edilmiş və o, “iqtisadi peyğəmbər” kimi qəbul edilmişdir. Pol qeyd edirdi ki, Buş prezident kampaniyasına dezinformasiya və yalan faktlarla başlayıb.
1992-ci il prezident seçkiləri kampaniyası zamanı Kruqman “The New York Times”da Bill Klintonun iqtisadi planını yüksək qiymətləndirmişdi, bunun əvəzində Klintonun kampaniyasında iqtisadçının gəlir bərabərsizliyi ilə bağlı işinin bir hissəsindən istifadə edilmişdi. Həmin vaxt Klintonun ona yeni administrasiyada vəzifə təklif edəcəyi ehtimal edilirdi, lakin bu gözləntilər özünü doğrultmadı. Buna isə səbəb kimi Kruqmanın qeyri-sabitliyi və açıqsözlülüyü göstərilmişdi. Alim sonralar “bu cür rol üçün xasiyyətcə yararsız” olduğunu etiraf etmişdir.
Başlanğıcda Barak Obamanın qızğın tərəfdarı olan Kruqman sonradan onun siyasətini, eləcə də Tramp administrasiyasını da sərt şəkildə tənqid etmişdir. Kruqman açıq şəkildə siyasətçiləri və digər iqtisadçıları da tənqid atəşinə tutmuşdur. 2016-cı il ABŞ-da prezident seçkiləri ərəfəsində Demokratların namizədi Hillari Klintonu dəstəkləmişdir.
O, 2008-ci ildə yeni ticarət modellərinin və iqtisadi coğrafiya problemlərinin təhlili haqqında tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatını almışdır. Mükafatın dəyəri 1,4 milyon dollar olmuşdur.
Pol 1991-ci ildə Con Beyts Klark medalı ilə təltif edilmişdir. Həmçinin Adam Smit mükafatı laureatıdır (1995). Amerika Fəlsəfə Cəmiyyətinin və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür.
Kruqman beynəlxalq iqtisadiyyat, ticarət nəzəriyyəsi, iqtisadi coğrafiya və beynəlxalq maliyyə sahəsindəki akademik çalışmaları ilə tanınmaqdadır. O, həmçinin Con Hiks tərəfindən icad edilən İS-LM modelini təşviq etmişdir. İqtisadçı 27 kitabın müəllifi və ya redaktorudur. Onun 200-dən çox elmi məqaləsi nəşr olunub. Həmçinin The New York Times qəzeti, Fortune və Slate jurnallarında iqtisadi və siyasi mövzularda bir neçə yüz köşə yazısı dərc etdirmişdir.
Alim sosial və tibbi proqramlara daha çox, milli müdafiəyə isə daha az diqqət yetirməyə yönəlik yeni “Yeni Kurs” təklif etmişdir.
Kruqman iqtisadi baxışlarında özünü keynsçi, siyasi baxışlarında isə müasir liberal hesab edir. O, özü haqda danışarkən tənha, utancaq biri olduğunu demişdir.
İqtisadçı Amerikada ən nüfuzlu elm mütəfəkkirlərindən biri adlandırılmışdır. ABŞ-ın Foreign Policy və İngiltərənin Prospekt jurnallarının internetdə keçirdikləri sorğuya əsasən “Dünyanın ilk 100 intellektualı” siyahısında 2005-ci ildə 6-cı, 2008-ci ildə isə 30-cu sırada yer almışdır. 2011-ci ildə iqtisadiyyat professorları arasında keçirilən sorğuda yaşı 60-dan aşağı olan ən sevimli iqtisadçı seçilmişdir. Pol iqtisadiyyat sahəsində kollec proqramları üzrə ən çox istinad edilən ikinci müəllifdir.
Kruqman, eləcə də, öz nəslinin ən mübahisəli iqtisadçısı adlandırılmışdır. Jurnalist, iqtisadi şərhçi Martin Wolf yazır ki, Kruqman “ABŞ-da həm ən çox nifrət edilən, həm də ən çox bəyənilən köşə yazarıdır”.
Alim iki dəfə evlənmişdir. İlk həyat yoldaşı Robin Berqman rəssam və dizayner idi. İkinci həyat yoldaşı Robin Wells ilə birlikdə bir neçə iqtisadiyyat dərsliyinin müəllifidir. 71 yaşlı Kruqman hazırda Nyu-Yorkda yaşayır.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





