(1931, Qahirə, Misir – 2018, Paris, Fransa)
Əsərləri: “İmperializm və qeyri-bərabər inkişaf” (1976), “Dəyər qanunu və tarixi materializm” (1977), “Ərəb iqtisadiyyatı bu gün” (1980), “Avrosentrizm” (1988), “Xaos imperiyası” (1991), “Kapitalizmin kabusları: müasir intellektual dəbin tənqidi” (1998), “Kapitalizmin çevrəsində” (1998), “Köhnəlmiş kapitalizm” (2003), “Liberal virus: daimi müharibə və dünyanın amerikanlaşması” (2004), “İmperializm və qloballaşma” (2011)
Samir Amin üçüncü dünya iqtisadiyyatı üzrə tanınmış və nüfuzlu mütəxəssislərdən olub. Qloballaşmanın tədqiqatçısı kimi o, qlobal kapitalizmi və periferiya ölkələrinin davamlı istismarını kəskin tənqid etmişdir.
“Asılılıq nəzəriyyəsi”nin əsas tərəfdarlarından olan Samirə görə, qlobal sistem olan kapitalizm mərkəzlə periferiya arasındakı qütbləşmədən asılıdır və kapitalın yığılmasının məntiqi elədir ki, periferiya heç vaxt mərkəzə çata bilmir.
İqtisadçının fikrincə, mərkəz və periferiya arasında qeyri-bərabər münasibət və müasir dövrdə yüksəliş və süqut, əsasən, “beş inhisar” ilə xarakterizə olunur:
1. Dominant dövlətlərin hərbi xərcləri ilə dəstəklənən texnologiyanın inhisarı;
2. Qlobal maliyyəyə nəzarət üzərində inhisar və cari əməliyyatlar balansının iyerarxiyasında güclü mövqe;
3. Təbii sərvətlərə əlçatanlıqda inhisar;
4. Beynəlxalq rabitə və media üzərində inhisar;
5. Hərbi kütləvi qırğın vasitələri üzərində inhisar.
Amin qeyri-ekvivalent mübadilədə inhisarların roluna diqqət yetirmiş və göstərmişdir ki, burada proporsiya xeyli dərəcədə kapitalın hərəkətilə müəyyən olunur. Onun nəzərincə, indiki vaxtda kapitalın beynəlxalq fəaliyyəti həlledici amildir. İnhisarların mərkəzində yaradılan mərkəz və periferiyalarda əmək haqları arasında kənarlaşma imperialist burjuaziyanın diqqət mərkəzində durur. Dünya miqyasında əldə edilən izafi dəyərin çox hissəsi onların cibinə gedir.
Hazırda inkişaf etmiş ölkələr dünya elmi-texniki potensialının 98%-ni öz əlində mərkəzləşdirdiyi halda, bunun yalnız 2%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Belə asılılıq forması, onun fikrincə, külli miqdarda mənfəət götürməyə imkan verir.
Mərkəz və periferiyalar arasındakı qütbləşməni tarixi kapitalizmə xas olan hadisə kimi dəyərləndirən Amin bu qütbləşmənin mexanizmini kapitalın və işçilərin seçmə miqrasiyası axınının periferiyadan mərkəzə doğru baş verməsi kimi izah edirdi.
İqtisadçıya görə, inkişaf etməkdə olan ölkələrin qarşısında əsas maneə onların zəif rəqabət qabiliyyətidir. Bundan çıxış yolu yalnız dünya mərkəzlərindən daha çox və ya daha az muxtariyyətlə əldə edilə bilər. Bunu da o, “əlaqənin kəsilməsi” (de-linking) adlandırırdı.
Amin qeyri-ekvivalent mübadiləyə qarşı sadə əks tədbirlər təklif etmişdir: 1. İxraca vergiqoyma. Bu, inkişaf proqramını reallaşdırmaq üçün vəsait yığmağa imkan verir; 2. Daxili istehsalın diversifikasiyası, yəni manevr etməsi. Bu, xarici aləmdən asılılığı ixtisar etməyə və inkişaf etməkdə olan ölkələrin özünün təminatını yüksəltməyə səbəb olur.
Sosializmin tərəfində duran Amin SSRİ-də qurulmuş sosializmə deyil, Şərqi Avropa ölkələrindəki sosializmə rəğbət bəsləyirdi. Belə real sosializmi o, “kapitalistsiz kapitalizm”, “dövlət kapitalizmi”, “dövlətlə idarə olunan istehsal üsulu” adlandırırdı.
P.S. Franzısdilli afrikalı iqtisadçı və politoloq Samir Amin mənşəcə misirli idi. Onun anası fransız burjua inqilabçıları nəslindən, atası isə misirli olub. Valideynlərinin hər ikisi həkim kimi fəaliyyət göstərmişdir.
Günlərin birində zibillikdə eşələnən uşağı görən beş yaşlı Samir o uşağın nə etdiyini soruşduqda həmin vaxt vəzifədə çalışan atası cəmiyyətin pis olması səbəbindən kasıb bir uşağın yemək axtarmaq məcburiyyətində qaldığı cavabını vermişdir. Məhz onda Samir “Mən cəmiyyəti dəyişəcəm” - demişdir.
Orta məktəbi riyaziyyat üzrə bitirən Amin daha sonra statistika, iqtisadiyyat və siyasi elmlər üzrə ali təhsil almışdır. Onun siyasi fikirləri hələ orta məktəbdə oxuyarkən formalaşmışdı. Belə ki, İkinci Dünya Müharibəsinin getdiyi həmin dövrdə misirli tələbələr kommunistlər və millətçilər arasında parçalandıqda Amin ilk qrupa mənsub idi. Fransa Kommunist Partiyasının üzvü olan Samir bir qrup tələbə yoldaşı ilə birlikdə “Anti-müstəmləkə tələbələri” jurnalını nəşr etdirmişdir. Həmin vaxta qədər o, artıq faşizmə və nasizmə qarşı qətiyyətli mövqeyini də bildirmişdi.
Aminin həyatı və təfəkküründə üç fəaliyyət bir-biri ilə sıx bağlı idi: iqtisadiyyatın idarə olunması, tədris/tədqiqat və siyasi mübarizə sahəsində iş.
1981-ci ilə qədər Afrikada iqtisadi inkişaf və planlaşdırma işinə rəhbərlik etmiş, daha sonra Afrikanın iqtisadi və sosial inkişafının tədqiqi üzrə Şuranın birinci icraçı katibi olmuşdur. Bir çox Afrika ölkələri və BMT-nin ixtisaslaşdırılmış təşkilatları onu dəfələrlə ekspert və məsləhətçi kimi dəvət etmişlər. Samir Mali, Çin, Vyetnam, Əlcəzair, Venesuela və Boliviya kimi bir sıra hökumətlərdə məsləhətçi kimi fəaliyyət göstərmişdir.
Amin Asılılıq nəzəriyyəsinin və Dünya sistemi nəzəriyyəsinin öncüllərindən hesab olunur. O, 1988-ci ildə “Avrosentrizm” terminini irəli sürmüşdür. Alim kapitalizm və marksizm mövzusunda 30-dan çox kitab nəşr etdirmişdir. Əsərlərinin əksəriyyəti dünyanın bir çox dillərinə tərcümə edilmişdir.
Üçüncü dünya ölkələrində ictimai hərəkatların ən fəal iştirakçılarından və təşkilatçılarından biri kimi Latın Amerikası və Asiyada keçirilən bir sıra qlobal sosial forumların yaradıcılarından və liderlərindən olub. Samir Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Üçüncü Dünya Forumunun və Dünya Alternativlər Forumunun prezidenti vəzifəsini icra etmişdir.
Ağciyər xərçəngi diaqnozu qoyulduqdan 12 gün sonra 86 yaşında Parisdə vəfat etmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





