Bakı, 6 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda elmi seminar keçirilib. İnstitutun direktoru professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə Qoşulmama Hərəkatı Gənclər Təşkilatından beynəlxalq əlaqələr və donorlarla iş üzrə assistent Nailə Həbibzadə, dövlət qurumları ilə iş üzrə assistent Elmira Zeynalova, Gürcüstan Elmlər Akademiyasının xarici həqiqi üzvü Eldar İsmayılov, onlayn formatda bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İqtisadiyyat İnstitutunun Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin müdiri professor Fuad Qənbərov “Fransa müstəmləkəçiliyinin iqtisadi nəticələri” mövzusunda məruzə edib. Qeyd edib ki, Fransa tarixən müstəmləkəçiliyin “beşiyində dayanan” ölkələrdən olub. Hələ 1524-ci ildə Afrikanın şimalında və qərbində 20-dən çox ölkədə müstəmləkə hakimiyyəti qurub. II Dünya müharibəsindən əvvəl Fransanın işğal etdiyi ərazilər 13,5 milyon kvadratkilometr idi və 300 il Afrikanın 35 faizini öz nəzarətində saxlayıb. Fransanın müstəmləkəçilik siyasəti iki milyon afrikalının ölümünə səbəb olub. Təkcə Əlcəzairin müstəqillik mübarizəsində bir milyondan çox insan qətlə yetirilib. 1994-cü ildə Ruandada 800 min nəfər öldürülüb. Özü də bu siyasət çox soyuqqanlılıqla həyata keçirilib. Fransanın sabiq Prezidenti Fransua Mitteranın “o ölkələrdə soyqırımı yaşanması o qədər də önəmli deyil” sözləri buna sübutdur.
F.Qənbərov qeyd edib ki, Fransa müstəmləkəçiliyinin iqtisadi, hərbi, siyasi və ideoloji məqsədləri var. İqtisadi məqsədlərə müstəmləkəçilik altında olan ölkələrin təbii sərvətlərini, qiymətli qızıl, mis, nikel, brilyant və s. yataqlarını öz maraqlarına uyğun şəkildə istismar etmək daxildir. Hətta müxtəlif maliyyə alətləri vasitəsilə bu istismar dərinləşdirilib, 1945-ci ildə CFA frankı adlı pul vahidi buraxılıb və hazırda Afrikanın 14 ölkəsində qüvvədədir. Həmin ölkələrin valyuta ehtiyatlarının 50 faizi Fransa Mərkəzi Bankında saxlanılır, ancaq onlar il ərzində həmin ehtiyatların yalnız 15 faizindən istifadə edə bilərlər. Bu rezervlər çox cüzi - 0,72 faiz gəlir gətirir. Həmin ölkələrin Fransa Mərkəzi Bankında 500 milyard dollardan çox ehtiyatları olsa da, beynəlxalq təşkilatlardan 7 faizlə borc alırlar. Fransa hökumətinin tələbi ilə CFA frankı dövriyyədə olan ölkələr daxili tenderlərdə Fransa şirkətlərinə üstünlük verməlidirlər.
Müasir Fransa müstəmləkələri Yeni Kaledoniya, Fransa Polineziyası, Qvadelupa, Martinika, Fransa Qvianası, Reyunyon, Mayotta, Sen-Pyer və Mikolan, Sen-Berteleme, Sen-Marten və Uolls və Futonadır (ümumi ərazisi 112380 kvadrat kilometr, əhalisi 2,8 milyon nəfərdir). Bu ölkələrin iqtisadi göstəricilərindən danışan tədqiqatçının sözlərinə görə, Yeni Kaledoniyada 2022-ci ildə ÜDM 10,6 milyard ABŞ dolları, iqtisadi artım 3,5 faiz, inflyasiya 3,84 faiz, işsizlik 10,8 faiz, ixrac 3,06 milyard, idxal 2,83 milyard dollar təşkil edib. Bir nəfərə düşən ÜDM-in həcmi 35745 ABŞ dolları təşkil etsə də, yerli əhali və avropalılar arasında qeyri-bərabər bölünüb. Yerli əhali olan melaneziyalıların gəlirləri aşağı və işsizlik səviyyəsi yüksəkdir.
Yeni Kaledoniya nikel ehtiyatları ilə zəngindir, dünyada 5-ci yerdədir (7,1 milyon ton) və onun istismarı Fransanın iqtisadi maraqlarına xidmət edir. Yeni Kaledoniyanın ixracının həcmi 3,06 milyard dollar olsa da, Fransanın hərbi ehtiyacları üçün idxal etdiyi yanacaq (903,1 milyon dollar), nüvə başlıqları (331.9 milyon dollar) birbaşa Fransanın hərbi ehtiyacları üçün sərf edilir. Bu amil Fransa Polineziyasına da aiddir. Belə ki, burada idxal olunan malların tərkibinə 329,9 milyon dollarlıq yanacaq, 192,9 milyon dollarlıq nüvə başlıqları daxildir.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Bu sahədə elmi tədqiqatların aparılmasının zəruriliyi qeyd olunub.





