Mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesə daxilolma” və “Vergitutma” indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritələrinin təqdimat mərasimi keçirilib. “Biznesə daxilolma” və “Vergitutma” üzrə işçi qruplara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəhbərlik edir.
Təqdimat mərasimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, ETN İqtisadiyyat İnstitutu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vəkillər Kollegiyası, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyi, həmçinin işçi qruplarına daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunu işçi qrupunun üzvü, İqtisadiyyat İnstitutunun Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri, i.e.d. Yaşar Məmmədov təmsil edib.
“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev və “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva tədbir iştirakçılarını salamlayıb, müvafiq sahələrdə aparılan işlər barədə məlumat veriblər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Business Ready” layihəsi barədə danışıb, bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə söykəndiyini diqqətə çatdırıb.
Tədbirdə “Biznesə daxilolma” indikatoru ilə bağlı Yol Xəritəsi üzrə 2022-2023-cü illərdə həyata keçirilmiş islahatlar barədə məruzələr dinlənilib, biznesin qeydiyyatı və vergitutma sahəsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsi”, habelə “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsi ötən ay Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq olunub.





