Famil Rüstəmov: “Azərbaycanda su ifrastrukturunun yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmasa, 2050-ci ilədək su resurslarımızın 23 faizini itirə bilərik”
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri, i.f.d., dosent Famil Rüstəmovun economics.org.az saytına müsahibəsi
- İqlim dəyişiklikləri bütün dünyada əhalinin və kənd təsərrüfatının su ilə təchizatında ciddi problemlər yaradır. Dünyada və ölkəmizdə su ehtiyatlarının məhdudluğu nə ilə bağlıdır?
- Son illər təbiətdə baş verən qlobal iqlim dəyişikliyi dünya əhalisinin içməli su ilə təminatına, eləcə də kənd təsərrüfatının su ilə təchizatına mənfi təsir göstərməkdədir. Dünyanın bir çox bölgələrində yağıntıların miqdarı və müntəzəmliyi dəyişdiyindən quraqlıq halları və daşqınlar artmaqdadır. Dünyada baş verən qlobal iqlim dəyişikliyinin sürətlənməsi ilə əlaqədar olaraq təbiətdə su dövrü intensivləşir, başqa sözlə desək, rütubətli iqlimə malik olan bölgələrdə rütubətliliyin səviyyəsi daha da artır, quru iqlimi olan bölgələrdə isə əksinə, quraqlıq bir qədər də sürətlənir. Hazırda dünya əhalisinin təqribən yarıdan çoxu ildə ən azı bir ay su qıtlığının baş verə biləcəyi ərazilərdə yaşayır.
Son zamanlar dünyada suya təlabat davamlı şəkildə artmaqdadır, hazırda bu artım ildə təxminən 1% təşkil edir. Dünya əhalisinin sayının artımı, iqtisadi inkişaf templəri, istehlakın strukturunun dəyişməsi, ölkələrin çoxunda müasir suvarma sistemlərinin olmaması və digər məsələlər bu prosesi şərtləndirən başlıca amillər hesab olunur. Növbəti illərdə suya olan ehtiyacın davamlı şəkildə artacağı şübhəsizdir. Sənayedə və məişətdə su ehtiyacları kənd təsərrüfatından daha sürətli şəkildə artsa da, suyun ən böyük istehlakçısı kənd təsərrüfatı olaraq qalır.
Təəssüflə qeyd etməliyik ki, bir çox ölkələrdə sudan istifadənin səmərəliliyi 50 faizdən aşağı olduğundan dünyada su qıtlığı problemi getdikcə kəskinləşir və bunun fonunda su ehtiyatları uğrunda rəqabət də artır.
Bir çox ölkələr kimi Azərbaycan da su qıtlığı ilə üzləşib. Son 30 ildə bizim su resurslarımız 15%-dən çox azalıb, son 5 il ərzində Mingəçevir su anbarının ehtiyatları 50 faiz aşağı düşüb. BMT İnkişaf Proqramının proqnozuna görə, Azərbaycanda su ifrastrukturunun yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmasa, 2050-ci ilədək su resurslarımızın daha 23 faizini itirə bilərik. Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Hazırda ölkənin yerüstü su ehtiyatları 26-27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Bizim su ehtiyatlarımız regiondakı su ehtiyatının cəmi 15 faizini təşkil edir. Bu faktorlar özü də su ilə bağlı problemlərə ciddi yanaşmanı tələb edir, su ehtiyatlarının qorunmasını daha da aktuallaşdırır.
- Suyun ölkəmizdə kənd təsərrüfatının inkişafında rolu və əhəmiyyəti böyükdür. Ancaq su israfçılığına və itkilərə də yol verilir...
- Təbii ki, insanların həyatında, eləcə də kənd təsərrüfatında suyun əhəmiyyəti misilsizdir. Su həyat mənbəyidir! Hazırda dünya üzrə yerüstü və ya yeraltı su mənbələrindən götürülən suyun 70-90%-i kənd təsərrüfatında istifadə olunur. Qlobal miqyasda ərzaq istehsalı üçün hər il təqribən 7,000 milyard m3 su tələb olunur. Respublikamızda istifadə olunan kənd təsərrüfatı torpaqlarının 1.5 milyon hektarı və ya 90 faizi suvarılır. Başqa sözlə desək, ölkəmizdə yetişdirilən kənd təsərrüfatı məhsulunun 90 faizini suvarılan torpaqlardan əldə edirik. Ölkə üzrə illik şirin su istehlakının 72,5 %-i kənd təsərrüfatında istifadə olunur. Su ehtiyatları məhdud olan ölkə olsaq da kənd təsərrüfatının hazırki inkişaf səviyyəsində yetərincə su resurslarımız var. Sadəcə itkilər həddən artıq çoxdur. Bu gün kənd təsərrüfatında, xüsusilə də əkinçilik sahəsində ən böyük problem mövcud suyun sahələrə çatdırılması, daha doğrusu çatdırılma zamanı baş verən itkilərdir.
- Kənd təsərrüfatında su itkilərinin səbəbləri hansılardır, itkilər niyə belə yüksəkdir?
- Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard m3 su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu yaxınlarda Milli Məclisdə çıxışı zamanı içməli suyun 39 faizinin itkiyə getdiyini, suvarma istiqamətində itkilərin daha böyük olduğunu qeyd edib. Ölkə üzrə 52 min kilometri əhatə edən su kanallarının 70-75 faizi torpaq kanallarından ibarətdir. Mövcud olan beton kanalların da bir qismi sıradan çıxmış, istismara yararsız hala düşmüşdür. Suyun torpaq kanalları vasitəsilə əkin sahələrinə çatdırılması zamanı təbii olaraq suyun ən yaxşı halda 30-40 faizi itkiyə gedir. Torpaq kanallar lildən və yabanı bitkilərdən təmizlənmədiyi halda bu itkilər bəzən 50-60 faizə çatır. Suyun torpaq kanallar vasitəsi ilə ötürülməsi zamanı kənd təsərrüfatına bir neçə istiqamətdə ziyan dəyir. Bir tərəfdən sızma nəticəsində su kanalı ətrafındakı torpaqlara yayılır və tez bir zamanda belə torpaqların şoranlaşmasına, sıradan çıxmasına, təsərrüfat dövriyyəsindən kənarda qalmasına səbəb olur. Digər tərəfdən isə, sahələrə lazım olan səviyyədə su catdırmaq olmur. Belə olan halda elektrik nasoslarından daha geniş istifadə zərurəti yaranır, bu isə əlavə enerji sərfiyyatı deməkdir. Eyni zamanda 2-4 faiz də buxarlanma nəticəsində su itkisi ilə üzləşirik. Hazırda kənd təsərrüfatında su itkilərinin başlıca səbəblərindən biri də müasir suvarma sistemlərinin tətbiqinin aşağı səviyyədə olmasıdır. Azərbaycanda son illər müasir suvarma sistemləri tətbiq edən təsərrüfatlarda məhsuldarlığın 2 dəfəyə yaxın artdığı, sərf edilən suyun 2,5 dəfə azaldığı müşahidə edilir.
- Yeni suvarma metodlarının tətbiqində gecikməyimizə səbəb nədir?
- Ölkəmizdə müasir suvarma sistemlərinin tətbiqinə 10-15 ildir başlanılsa da, bu prosses ləng getdiyindən hazırda heç 100 min hektar ərazi belə müasir suvarma sistemləri ilə təmin edilməyib. Təbii ki, bunun başlıca səbəbi kənd təsərrüfatı müəssisələlərinin kiçik, özəl təsərrüfatlar olduğundan maliyyəyə çıxış imkanlarının məhdudluğu ilə bağlıdır. Həm də əvvəllər müasir suvarma sistemləri Azərbaycanda bir qədər baha idi. Çünki o sistemlər xaricdən idxal olunurdu. Əvvəllər 1 hektar ərazinin damcı metodu ilə suvarılmasının təşkili təxminən 2-3 min dollara başa gəlirdisə indi 1000 dollardan az vəsaitlə bir hektarda damcı suvarma sistemini qurmaq mümkündür. Eyni zamanda fermerlərimiz də bu metodlarla yaxından tanış deyildilər, nə dərəcədə xeyirli, effektiv olduğunu bilmirdilər. Bu mənada maarifləndirmə işi çox önəmlidir.
- Ölkəmizdə müasir suvarma sistemlərinin hansı metodlarının tətbiqi məqsədəuyğundur?
- Yetişdirilən kənd təsərrüfatı məhsulunun spesifik xüsusiyyətlərindən, təsərrüfatın xarakterindən, ərazinin təbii iqlim şəraitindən, relyefindən və bir sıra digər səbəblərdən asılı olaraq müasir suvarma sistemlərinin tətbiqində müxtəlif metodlardan istifadə olunur. Damcı suvarma metodu daha geniş yayılsa da arpa və buğda əkinlərində bu metod effektiv sayılmır. Çünki taxılçılıqda damcı suvarma sisteminin tətbiqi çox çətindir. Taxılçılıqda yağış yağdırma, çiləmə metodundlarından istifadə daha məqsədəuyğun hesab olunur. Cərgəarası becərilən bitkilərdə, məsələn, qarğıdalıda damcı suvarmadan uğurla istifadə etmək olur. Türkiyədə kəpənəklə suvarma sistemindən geniş istifadə edilir. Bu, özü hərəkət edən bir mexanizmdir. Ona yüksək təzyiqli suyu qoşanda su onu hərəkətə gətirir və bununla böyük sahəni suvarmaq mümkün olur. Burada elektrik enerjisi sərf edilmir, yalnız suyun yüksək təzyiqi nəticəsində hidromotorlar vasitəsilə hərəkətə gələn sistemlərdən istifadə edilir.
- Ölkəmizdə aqrar sahədə su təminatının yaxşılaşdırılması istiqamətində hansı layihələr icra olunur?
- Son illər ölkəmizdə su resurslarının idarə edilməsi, həmçinin kənd təsərrüfatında suvarma ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra layihələr icra edilmişdir. Bu mənada Taxtakörpü su anbarının tikintisini xüsusi ilə qeyd etmək lazımdır. İlk növbədə ona görə ki, bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetrdir. Bu su anbarının xüsusi əhəmiyyəti həm də onunla izah olunur ki, burada Samur çayının suları yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Əvvəllər isə Samur çayından birbaşa kanal vasitəsilə su Ceyranbatan su anbarına gəlirdi. Layinənin aqrar əhəmiyyəti ondadır ki, onun icrası nəticəsində Şabran, Siyəzən, Xızı rayonlarında 30 min hektar suvarılmayan torpaqlara su verildi və nəticədə indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür. Şəmkirçay su anbarının əhəmiyyətini də qeyd etməliyik. Bu gün Şəmkirçay su anbarı ölkənin su resurslarının yığılmasında və bölüşdürülməsində vacib rol oynayır. Bu anbarın su tutumu isə 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır, orada əkin sahələri genişləndirilir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır. Bununla paralel olaraq, son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.
Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə 15 aprel 2020-ci ildə ölkə başçısı Cənab Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Baş Nazirinin müavininin sədrliyi ilə Komissiya yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı yenidən qurmadan sonra 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan verəcək.
Həmçinin Cənab Prezident İlham Əliyev Azərbaycanın ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandırılacaq.
Amma etiraf etməliyik ki, bu sahədə ciddi problemlər qalmaqdadır və görülməsi vacib olan işlər görülmüş işlərdən qat-qat çoxdur.
- Kənd təsərrüfatında su ehtiyatlarının idarə edilməsində nəyi dəyişmək lazımdır?
- Ölkəmizdə su resurslarının idarə edilməsində səmərəliliyə nail olunması üçün ilk növbədə bu sahədə idarəetmə sisteminə diqqət artırılmalı, idarəetmə sistemi təkmilləşdirilməlidir. Əvvəldə də qeyd edildiyi kimi ölkədə mövcud olan fantastik su itkilərinin qarşısı alınmalıdır. Bunun üçün təxirə salmadan, sürətli şəkildə torpaq kanallar, eləcə də ömrünü başa vurmuş, istismara yararsız beton kanallar müasir suötürücü sistemlərlə əvəz edilməlidir.
Bu sahədə təcili şəkildə reallaşmasını tələb edən ən vacib məqamlardan biri kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqidir. Bu məsələni aktuallaşdıran əsas amil odur ki, hazırda bütün dünyada, eləcə də ölkəmizdə şirin su istehlakının əsas hissəsi kənd təsərrüfatının payına düşür. Ənənəvi, yəni selləmə üsulu ilə suvarma zamanı həm böyük həcmlərdə su itkisinə yol verilir, həm də sahələr qeyri-bərabər suvarılır. Bu zaman bir qədər mailli ərazilərə su toplanaraq qurunt sularının səviyyəsinin qalxmasına, torpağın tez bir zamanda şoranlaşmasına səbəb olur. Hər bir fermer bilməlidir ki, sabit, yüksək məhsul əldə etmək üçün məhsul yetişdirilməsinin bütün proseslərində, bütün mərhələlərində müasir suvarma sistemlərindən istifadə edilməlidir. Bu sahədə müassir texnologiyaların tətbiqi nəticəsində suvarmada maksimum bərabərliyə nail olunur ki, bu da bir tərəfdən yüksək məhsul əldə etməyə imkan verir, digər tərəfdən isə ekoloji tarazılığın pozulmasının qarşısını alır. Ən əsası da böyük həcmlərdə su itkisinin qarşısı alınmış olur.
Aqrar sahədə rəqamsallaşmadan istifadəni genişləndirməklə və müassir texnoloji üsulların tətbiqi sayəsində torpaqda buxarlanma itkiləri də daxil olmaqla sudan istifadə haqqında bütün məlumatları toplayaraq, suvarma planını optimallaşdırmaq və sudan istifadənin səmərəliliyini artırmaq olduqca vacibdir.
Ölkədə ərzaq təhlükəsizliyini və kənd təsərrüfatında sudan səmərəli istifadəni təmin etmək və ekoloji tarazılığı qorumaq üçün kənd təsərrüfatında istehsal olunan məhsulların istifadə olunan suyun həcminə nisbətinin artırılmasına və bununla da sudan istifadənin səmərəliliyinin artırılmasına ciddi ehtiyac var.
Su ehtiyatlarının idarə edilməsini təkmilləşdirmək üçün landşaft səviyyəsində su axınlarını müəyyən etməyə imkan verən məlumatların, eləcə də müasir texnologiyaların, xüsusilə “rütubət sensorlarının” sayəsində məhsul köklərinin bilavasitə yaxınlığında torpağın rütubətliyi haqda məlumatların əldə edilməsinə əsaslanan sudan istifadənin yaxşılaşdırılması ilə bağlı yeni strategiyaların işlənib hazırlanması çox faydalı olardı.
Sudan istifadənin təkmilləşdirilməsi digər resursların, o cümlədən torpaq, bitki və qida maddələrinin idarə edilməsinə kompleks yanaşmanı tələb edir. Torpağın münbitliyi də yaxşılaşdırılmalıdır ki, məhsulun böyüməsi fiziki səbəblərə görə məhdudlaşdırılmasın və hər damcı su tam və səmərəli istifadə olunsun. Su ehtiyatlarının mühafizəsinin elmi üsullarına diqqət artırılmalı, suvarma prosesinin optimallaşdırılmasına və damcılı suvarma kimi daha səmərəli suvarma sistemlərindən istifadənin genişlənməsinə, bütün kənd təsərrüfatını əhatə etməsinə nail olunmalıdır.
Su resurslarının idarə edilməsində optimal həllərdən biri də tullantı sularının, xüsusilə də axıntı sularının təmizlənərək bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatında təkrar istifadəsi ilə bağlıdır. Bu gün dünyanın bir sıra ölkələri, əsasən də inkişaf etmiş ölkələr getdikcə daha çox çirkab suların təkrar istifadəsini artırmaqla artan su qıtlığı ilə mübarizə yollarını axtarırlar. Əksər mütəxəssislər əmindirlər ki, müasir texnologiyalar sayəsində tullantı suları asanlıqla təmizlənə, təkrar dövriyyəyə cəlb edilə bilər. Düşünürəm ki, ölkəmizdə də bu istiqamətdə xeyli işlər görülməlidir.
Gələcəkdə daha ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün sudan səmərəli istifadəni və bu məqsədlə qənaətli suvarma sistemlərindən istifadəni təşviq etmək üçün düzgün uçot və istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin tətbiq olunması da vacibdir.
- Necə fikirləşirsiniz, dəniz suyunun duzsuzlaşdırılıb aqrar sahəyə yönəldilməsi hansı effekti verə bilər?
- Dəniz suyunun şirinləşdirilməsi üsulu ilə su problemini həll etmək təcrübəsi dünyada çoxdan istifadə edilir. Hələ 1945-ci ildə İngiltərədə ilk belə qurğu tikildi, burada suyu qaynadıb distillə olunmuş su alırdılar. Bu üsul çox bahalı və enerji aparan iş idi. Yeri gəlmişkən, qeyd edək ki, dünyada ilkin termiki üsulla dəniz suyunu şirinləşdirən qurğu vaxtilə məhz Bakıda – Bayıldakı “Krasin” adına istilik-elektrik stansiyasında tətbiq olunmuş və sonradan ərp yaranma problemini həll etmək mümkün olmadığı üçün istifadəsi dayandırılmışdır. Hazırda bu sahədə İsrail böyük təcrübəyə malikdir. Dəniz suyunun duzsuzlaşdırılmasında ən səmərəli üsul olan əks osmos üsulu isə 1960-cı illərdən tətbiq olunmağa başlanılıb. Bu sistemlə işləyən ilk qurğu Küveytdə tətbiq edilib. Hazırda bütün şirinləşdirilən suyun 70%-i bu üsulun payına düşür. Dünyada 16 mindən artıq dəniz suyunu şirinləşdirən qurğu işləyir. Belə müəssisələrin qurulması üçün böyük vəsait tələb olunur. Məlumat üçün bildirim ki, hazırda dünyada şirinləşdirilən suyun 30%-i Səudiyyə Ərəbistanının payına düşür. Səudiyyə Ərəbistanında istifadə olunan şirin suyun 60%-i məhz şirinləşdirmə qurğuları vasitəsilə alınan sudur. Birləşmiş Ərəb Əmirliklərində isə istifadə olunan suyun 50%-ni belə qurğulardan alınan su təşkil edir. İndiyədək təkcə Səudiyyə Ərəbistanı suyun şirinləşdirilməsi layihələrinə 14,6 milyard dollar, Birləşmiş Ərəb Əmirlikləri 10,3 milyard dollar, İordaniya isə 4 milyard dollardan artıq vəsait yatırıb.
Ölkəmizdə də bu istiqamətdə işlər aparılır. Hələ 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyysinə qədər təmizləməyə imkan verən Tərs Osmos membranları ilə təchiz olunan və yüksək texnologoiyalara əsaslanan zavod inşa edilib. İlkin mərhələdə zavod sutkada 1000 kubmetr şirin su istehsal edib. Sonra bu, iki dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb. Keçən il Prezident İlham Əliyev dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, layihənin reallaşdırılması İqtisadiyyat Nazirliyinə həvalə edilib. Nazirlik və digər dövlət qurumlarının cəlb edilməsi ilə ölkədə ilk dəfə olaraq dəniz suyunun şirinləşdirilməsi üzrə böyük müəssisə qurulacaq. Hələlik layihəyə yeni start veridiyinə görə, onunla bağlı detallar, o cümlədən müəssisənin yeri, istifadə olunacaq texnologiyalar və şirinləşdirmə üsulları məlum deyil. Eləcə də suyun şirinləşdirilməsinə çəkiləcək xərclər və resurslar, layihədən alınan şirin suyun maya dəyəri və qiyməti bilinmir.
Enerji, reogentlər və digər vasitələrdən istifadənin azalmasına imkan verən müasir texnologiyaların tətbiqi nəticəsində suyun duzsuzlaşdırılması əvvəlki illərlə müqayisədə daha ucuz başa gəlsə də, hələ də dəniz suyunu şirinləşdirməklə şirin su istehsalı, ənənəvi üsulla şirin su almaqdan ən azı 3 dəfə baha başa gəlir. Üstəlik belə müəssisələrin qurulması üçün böyük vəsait və davamlı enerji təminatı tələb olunur. Kənd təsərrüfatının indiki inkişaf səviyyəsində, əkinlərimizin 66 faizinin taxıl əkinləri təşkil etdiyini, digər əkinlərimizin də əksər hissəsinin daha çox su sevər bitkilər olduğunu, kənd təsərrüfatı məhsullarının hazırki qiymətlərinin aşağı olmasını nəzərə alaraq hesab edirəm ki, hazırki, şərtlər daxilində dəniz suyunun duzsuzlaşdırılaraq kənd təsərrüfatında istifadəsi iqtisadi baxımdan səmərəli ola bilməz.
- İşğaldan azad olunan ərazilərin su ehtiyatlarının ölkənin kənd təsərrüfatı üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- İşğaldan azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. Ümumi su tutumu 560 milyon m³ olan Sərsəng su anbarı respublikanın 6 rayonunda 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq. Azad olunan ərazilərimizdə Sərsəng su anbarından başqa ümumi tutumu 80 milyon kubmetr olan digər su anbarları da var. Onların da ölkə təsərrüfatına qatılması əlavə 15 min hektar torpaq sahəsinin suvarılmasına şərait yarada bilər. Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin su təminatının yaxşılaşdırılması deməkdir.
- Geniş və maraqlı müsahibəyə görə təşəkkür edirik.





