(1940, Yanqstaun, ABŞ)
Əsərləri: “Qısamüddətli kapitalın beynəlxalq hərəkəti: şərhlər” (1967), “Ticarət krediti və pul bazarı” (1970), “İnformasiya və kapital bazarları” (1971), “Qlobal inflyasiya problemi” (1975), “Vergidən yayınmanın iqtisadi nəzəriyyəsi”(1979), “Amerikanın gələcək enerji siyasəti” (1982), “Amerika dünya iqtisadiyyatında” (1989), “Zəngin dövlətlər, kasıb dövlətlər” (2008), “Tramponomika” (2018)
Məşhur amerikalı iqtisadçı, təklif nəzəriyyəsinin yaradıcılarından biri Artur Lafferin ən mühüm kəşfi “Laffer əyrisi” olmuşdur. Laffer əyrisi vergi dərəcələri ilə ümumi vergi gəlirləri arasındakı əlaqəni, vergi azalmalarının stimullaşdırıcı təsirini göstərir.
Laffer vergilərə iqtisadi inkişafın və tənzimləmənin əsas amillərindən biri kimi baxmışdır. O, bir sıra hesablamalar aparmış və sübut etmişdir ki, vergitutma səviyyəsinin yüksək olması sahibkarlıq və investisiya fəallığına mənfi təsir göstərir, bu isə son nəticədə vergi ödənişlərinin azalmasına gətirib çıxarır. Vergitutmanın proqressivliyi və büdcə gəlirləri arasındakı kəmiyyət asılılığının parabolik əyrisini quraraq, iqtisadçı belə bir nəticəyə gəlmişdir ki, vergi yükünün azaldılması tədbirləri gəlirlərin artmasına səbəb olduğundan əhalinin yığımının (əmanətlərinin) həcmini genişləndirir, biznes-sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli investisiya şəraiti yaratdığından, onların mənfəətinin artmasına müsbət təsir göstərir.
Laffer qeyd edir ki, vergi dərəcələrinin son həddi nə qədər yüksək olarsa, ayrı-ayrı fərdlərdə ondan yayınmanı doğuran motivlər bir o qədər güclü olacaq. İnsanlar vergi ödəmək üçün işləmirlər. Vergilər çıxılmaqla xalis gəlir insanların işlədiyini və ya yerində durduğunu müəyyən edir.
Laffer nəzəriyyəsinə görə, gizli iqtisadiyyatın inkişafı vergi sistemi ilə əks əlaqəlidir, başqa sözlə, vergi dərəcələrinin artımı “gizli” iqtisadiyyatın ölçülərinin artımına səbəb olur, yəni, vergi ödəyicilərinin bir hissəsi iqtisadiyyatın leqal sektorundan “gizli” sektoruna keçirlər.
Laffer əyrisinə görə, vergi dərəcələrinin müəyyən şərtlər altında azalması
vergi daxilolmalarının çoxalmasına, milli gəlirin artmasına və iqtisadi yüksəlişə səbəb ola bilər. Belə ki, 0 və 100% arasında olan müəyyən vergi dərəcəsi hökumət büdcəsinə əhəmiyyətli şəkildə əlavə vəsait gətirə bilər. Məsələn, vergi dərəcələrinin 0%-dən n%-ə qədər artırılması vergi gəlirlərinin artması ilə müşayiət olunursa, sonradan onun n%-dən 100%-ə qədər artırılması vergi gəlirlərinin azalmasına gətirib çıxarır. Verginin 0% olması o deməkdir ki, dövlət gəlirdən məhrum olur. 100% dərəcəsində isə dövlət iqtisadi agentlərin qazandığı bütün gəlirləri əldə etməyə çalışır. Belə halda, iqtisadi fəaliyyət mənasını itirir və dayanır. Lakin ümumi gəlirin maksimuma çatdığı əsl ideal nisbəti tapmaq böyük müzakirələrlə nəticələnir. Fərqli ölkələr üçün iqtisadi şəraitə görə bu dərəcə dəyişə və fərqli nəticələr verə bilər.
İqtisadçının fikrincə, vergi dərəcələrinin müəyyən şərtlər altında azalması halında ilk vaxtlarda, təbii ki, dövlət büdcəsinin gəlirləri azalacaq, lakin bu azalma qısamüddətli xarakter daşıyır. Uzunmüddətli perspektivdə istehsalın stimullaşdırılması və onun həcminin artımı ilə əlaqədar olaraq gəlirlər də artacaq.
Artur dönə-dönə təkrar edirdi ki, iqtisadiyyatın uğurla inkişafı və irəliləməsi, təsərrüfatın müvəffəqiyyətlə işləməsi varlıların sayının artmasından asılıdır. Buna isə yalnız varlılardan tutulan vergiləri azaltmaqla çatmaq olar. O deyirdi ki, kasıblara pul vermək üçün varlılardan vergi alınması, nəticədə, varlılardan çox yoxsul insanların meydana çıxmasına səbəb olur.
Laffer “səmərəsiz” sosial proqramların qəbulu və həyata keçirilməsi, onlara ayrılan vəsaitlərin çox olmasına etiraz edir. O, işsizliklə bağlı edilən yardımların genişləndirilməsinə qarşı çıxır və bunun insanları işləməkdən çəkindirdiyini iddia edir. Həmçinin təhsil və incəsənət sahələrində qeyri-kommersiya təşkilatlarına vergi tətbiq edilməsinin, dövlət məmurlarının maaşlarının aşağı salınmasının tərəfdarı idi.
P.S. Amerika tarixinin ən nüfuzlu iqtisadçılarından biri hesab edilən Artur Lafferin anası evdar qadın və siyasətçi, atası isə korporasiya prezidenti olmuşdur. O, magistr və fəlsəfə doktoru elmi dərəcəsini Stanford Universitetində almışdır. Cənubi Karolina və Çikaqo Universitetlərinin professoru olmuşdur.
Artur əvvəllər ABŞ prezidenti Ronald Reyqanın və Böyük Britaniyanın baş naziri Marqaret Tetçerin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində çalışmışdır. Eləcə də, diktator Avqusto Pinoçetin dəvəti ilə Çilidə iqtisadi artımla nəticələnən neoliberal islahatları həyata keçirən “çikaqo oğlanları”ndan biri kimi tanınmışdır.
1986-cı ildə Respublikaçılar Partiyasından ABŞ Senatına namizədliyini irəli sürmüş, lakin məğlub olmuşdur. Özünü sabit fiskal mühafizəkar kimi tanıdan Laffer 1992 və 1996-cı illərdə prezident Bill Klintona səs verdiyini açıq şəkildə bəyan etmişdir. 2015-ci ilin sentyabrında Ukraynanın maliyyə nazirinin vergi məsələləri üzrə müşaviri təyin olunmuşdur.
Artur Donald Trampın 2016-cı il prezidentlik kampaniyasının iqtisadi müşaviri olub. O, 2018-ci ildə Tramp administrasiyasının iqtisadi siyasətini təriflədiyi “Tramponomika” kitabını yazmışdır. 2019-cu ildə prezident Tramp Lafferi iqtisadiyyat sahəsindəki töhfələrinə görə Prezident Azadlıq medalı ilə təltif edib. 15 aprel 2019-cu ildə iqtisadçı Böyük Tənəzzülün səbəbkarının Barak Obamanın olduğunu qeyd etmişdir. 2020-ci ildə Laffer Tramp administrasiyasına COVID-19 pandemiyası zamanı iqtisadiyyatı necə yenidən açmaq barədə məsləhətlər vermişdir.
“Laffer əyrisi” konsepsiyasının yenilik olmadığını bildirən Artur özü bunu İbn Xəldun və Con Meynard Keynsdən öyrəndiyini demişdir. 1974-cü ildə Nikson/Ford Administrasiyasının rəsmiləri ilə keçirdiyi görüşdən sonra o, arqumentini göstərmək üçün salfetin üzərində əyrini çəkmiş və məhz bundan sonra siyasətçilər arasında populyarlaşmışdır. “Laffer əyrisi” terminini isə həmin tədbirdə iştirak etmiş amerikalı jurnalist və siyasi iqtisadçı Cud Vanniski irəli sürmüşdür.
Lafferin nəzəriyyəsi 1980-ci illərdə ABŞ hökuməti tərəfindən təcrübədə tətbiq edilmiş və bu, ölkənin iqtisadi siyasətinə böyük təsir göstərmişdir. Həmin vaxt nəzərəçarpacaq dərəcədə vergi endirimləri edilmişdir. Belə ki, ən yüksək gəlir vergisi dərəcəsi 50%-dən 28%-ə salınmışdır. Xarici ticarətin liberallaşdırılması, aşağı faiz dərəcələri və inflyasiyanın məhdudlaşdırılması ilə birlikdə radikal vergi endirimləri iqtisadiyyatın 1/3-dən çox böyüməsinə səbəb olmuşdur. Bununla bərabər, ABŞ iqtisadiyyatında mənfi tendensiyalar da meydana çıxmışdır. Daha dəqiq desək, büdcədə 200 milyard dollar məbləğində kəsir yaranmış, dövlət borcu üç dəfə (2,9 trilyon dollara qədər) artmışdır.
Artur iqtisadi tədqiqatlar aparan, pensiya fondları, maliyyə institutları və korporasiyalarla işləyən konsaltinq şirkəti – “Laffer Associates”-in təsisçisi və baş icraçı direktorudur. O, həmçinin, əsasən yeni yüksək texnologiya şirkətlərinə sərmayə yatıran 1,5 milyard dollarlıq özəl investisiya fondunu idarə edir. Bundan əlavə, o, dünyanın ən böyük 10 şirkətinin direktorlar şurasının üzvüdür.
Hazırda 84 yaşında son dərəcə enerjili, parlaq yumor hissinə malik olan Artur mütəmadi olaraq The Wall Street Journal və The Washington Times qəzetləri üçün məqalələr yazır. İqtisadçı, həmçinin Mişel A. Balkoni ilə iki uşaq kitabı da yazmışdır: “İqtisadiyyat haqqında söhbət edək” (2014) və “Demokratiya haqqında söhbət edək” (2017).
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





