Mayın 6-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyev AMEA-nın İctimai Elmlər Bölməsinin təşkil etdiyi elmi seminarda “Azərbaycanda müasir sosial-iqtisadi inkişaf strategiyası və onun reallaşması şərtləri” adlı məruzə ilə çıxış edib.
Tədbirdə akademik Nərgiz Axundova, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, AMEA-nın Şərqşünaslıq İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu, elcə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının alim və mütəxəssisləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilk növbədə professor Əli Nuriyevi 85 illik yubileyi münasibətilə təbrik edib.
Sonra professor Əli Nuriyev öz məruzəsində müstəqillik illərində Ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli varisi Prezident İlham Əliyevin qəbul etdiyi sosial-iqtisadi inkişaf strategiyalarının qısa xülasəsini verdi. Prezident İlham Əliyev tərəfindən bəyan edilmiş Azərbaycanın hərtərəfli inkişafı, zəngin və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi kimi uzunmüddətli strategiyanın reallaşması şərtləri şərh olundu. Azərbaycanın bu strategiyanın reallaşması üçün böyük imkana malik olduğu qeyd edildi. Ə.Nuriyev vurğuladı ki, bu imkanlardan istifadə etməklə strategiyanın reallaşması üçün əsas diqqətin aşağıdakı məsələlərin həllinə yönəldilməsi vacibdir: iqtisadi-coğrafi rayonlaşdırmaya olan münasibətdə mövqe fərqlərinin aradan qaldırılması, inzibati-ərazi bölgüsü və ərazi (regional) sisteminin təkmilləşdirilməsi və burada regionlarda istehsal potensialından istifadə səviyyəsinin tarazlaşmasına diqqətin artırılması, aqrar-sənaye kompleksinin ixtisaslaşmış, səmərəli və keçmişdə zəngin təcrübə toplanmış sahələrinin inkişafına diqqətin artırılması, bu sahələrin inkişafında dövlət-sahibkar əməkdaşlığının, dövlətin təşkiledici-tənzimləyici rolunun artırılması.
Sonra məruzə ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı (economics.org.az)





