(1898, Qustafs, İsveç, – 1987, Stokholm, İsveç)
Əsərləri: “İqtisadi nəzəriyyənin inkişafında siyasi element” (1929), “Maliyyə siyasətinin iqtisadi nəticələri” (1934), “Pul tarazlığı” (1939), “Dünya iqtisadiyyatı. Problemlər və perspektivlər” (1958), “İsveç və Qərbi Avropa” (1964), “Asiya dramı: millətlərin yoxsulluğuna dair araşdırma” (1968), “Üçüncü dünyanın müasir problemləri” (1972), “Dövlətlərin artan qarşılıqlı əlaqəsi və beynəlxalq əməkdaşlığın uğursuzluğu” (1980)
İsveçli iqtisadçı Qunnar Myurdal Stokholm iqtisad elmi məktəbinin yaradıcılarından olmuşdur.
Myurdal iqtisadi və sosial dəyişənlərin qarşılıqlı modelini irəli sürmüşdür. O, geriliyin aradan qaldırılması, eləcə də “üçüncü dünya” ölkələrində struktur dəyişikliklərinin həyata keçirilməsi üçün institusional nəzəriyyəni inkişaf etdirmişdir. Onun fikrincə, bu ölkələrdəki iqtisadi proseslər dominant hesab edilə bilməz. Müvəffəqiyyət yalnız onların sosial problemlərin həlli ilə sıx qarşılıqlı əlaqəsi əsasında əldə edilə bilər.
Cənub və Cənub-Şərqi Asiya ölkələrində baş verən real proseslərin hərtərəfli təhlili əsasında Myurdal belə nəticəyə gəlmişdir ki, sənayeləşmə problemləri və çətinlikləri, iqtisadiyyatın zəif inkişafı kapital çatışmazlığı ilə deyil, sosial ziddiyyətlərlə, başqa sözlə, ictimai həyatın bütün sahələrinin arxaik geriliyi ilə, həmçinin əmək resurslarından tam istifadə edilməməsi ilə bağlıdır. Myurdal qeyd edirdi ki, əksər işsizlər müasir sənaye sahələrində işləməyə hazır deyil və ölkə iqtisadiyyatının əmək ehtiyatını təşkil etmir. İnsanlar öz əməklərini tətbiq edə bilmirlər, sənaye inkişafı üçün isə kifayət qədər işçi yoxdur. Zəif qidalanma, pis sağlamlıq, aşağı yaşayış səviyyəsi və aşağı institusional iş şəraiti səbəbindən fərdlər işləməkdə maraqlı deyillər, pis və az işləyir, fiziki əməyə nifrətli münasibət bəsləyirlər. Köhnəlmiş struktur və təhsilin aşağı səviyyədə olması səbəbindən kənd təsərrüfatı sənaye və şəhərə azad işçi qüvvəsi verə bilmir.
“Üçüncü dünya” ölkələrində bazar iqtisadiyyatının alətləri ortodoksal nəzəriyyənin adi sxemlərinə uyğun işləmir. Burada digər stimullar var, digər ənənələr və yanaşmalar qorunur. Qiymətlər tələb və təklifə cavab vermir; sahibkarlıq fəaliyyəti də daxil olmaqla istehsal amilləri daha spesifik və zəifdir, bazarın qeyri-təkmilliyi, cəhalət və səmərəsizlik qayda hesab olunur.
İqtisadi inkişaf üçün bərabərsizliyi azaltmaq, əmək xərclərinin ödənilməsi sistemini dəyişdirmək lazımdır. İlk növbədə gəlirlərin artması ilə əmək qabiliyyəti və əməyin səmərəliliyi artmalıdır. Əhəmiyyətli olan kapital mənfəəti deyil, daha məhsuldar işlərin stimullaşdırılmasıdır ki, bu da ümumilikdə iqtisadi inkişaf səviyyəsinin artmasına səbəb olacaq, cəmiyyətin bütün üzvlərinin əsas ehtiyaclarının təmin olunması dərəcəsini artıracaq. Əhalinin əksəriyyətinin vəziyyətini yaxşılaşdırmadan iqtisadi artım prioritet olmur.
Myurdalın konsepsiyasına görə, dəyişikliklər bazar avtomatizminə deyil, yerli şərait və xüsusiyyətlərin hərtərəfli nəzərə alınması əsasında səmərəli dövlət siyasətinin həyata keçirilməsinə əsaslanmalıdır. Yalnız investisiya mənbələri deyil, həm də müvafiq istehlak səviyyəsi, daxili tələbatın stimullaşdırılması da vacibdir.
Sosial-iqtisadi inkişafın yeni modeli həyat tərzinə, işə münasibətə dair arxaik baxışların dəyişdirilməsini nəzərdə tutur. İşə olan münasibətlərin dəyişdirilməsi sosial təşkilatların radikal dəyişikliyini təklif edir. Yeni qurumların, institutların yaradılması, müasir infrastrukturun inkişaf etdirilməsi lazımdır.
Sənayeləşmə köhnə strukturlar dənizində “təcrid edilmiş ada” şəklində yaradılmamalıdır. Sənaye inkişafının vahid (bir) sektorlu modeli yeni disbalans və ziddiyyətlər yaradır. Sənayeləşmə prosesinin dəstəklənməsi üçün digər sahələrin bir-birinə bağlı, qarşılıqlı inkişafı lazımdır.
P.S. Tanınmış iqtisadçı, sosioloq və siyasətçi Qunnar Myurdal dəmiryol işçiləri ailəsində dünyaya gəlmiş, uşaqlıq və gənclik dövrləri ailə fermasında keçmişdir. O, hüquq təhsili almış və bir müddət vəkil kimi çalışmışdır. Lakin onun marağını iqtisadiyyat elmi cəlb etmişdir.
1924-cü ildə beş il əvvəl tanış olduğu diplomat, siyasətçi, sosioloq və yazıçı Alva Reymer ilə evlənmiş və onların üç övladı dünyaya gəlmişdir.
29 yaşında olarkən Karl Qustav Kasselin rəhbərliyi altında Stokholm Universitetində iqtisadiyyat üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. O, İngiltərə, Almaniya, ABŞ, Fransa, İsveçrədə elmi tədqiqat və tədris fəaliyyəti ilə məşğul olmuşdur.
Müəllimliklə yanaşı, İsveç siyasətində də fəal iştirak edən Myurdal 1933-cü ildə parlamentdə Sosial Demokrat Partiyasından deputat seçilmişdir. O, 1945-1947-ci illərdə İsveçin ticarət naziri vəzifəsində çalışmışdır. Qunnar Amerika İncəsənət və Elmlər Akademiyasının (1958), Britaniya Akademiyasının (1974) və İsveç Kral Elmlər Akademiyasının üzvü seçilmişdir. Amerika və Avropa universitetlərinin 30-dan çox fəxri diplomu ilə təltif edilmişdir.
1974-cü ildə pul və iqtisadi dəyişikliklər nəzəriyyəsinə və iqtisadi, sosial və institusional məfhumların qarşılıqlı dərin analizi üzrə əsaslı tədqiqat işinə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. O, bu mükafatı Fridrix Fon Hayek ilə bölüşmüşdür. Myurdal hesab edirdi ki, əgər bu mükafat Hayek və Milton Fridmen kimi şəxslərə verilirsə, onda o ləğv olunmalıdır. Əksəriyyəti ekonometrika sahəsinə aid olan öz dövrünün iqtisadçılarını iqtisadi nəzəriyyənin mənəvi əsaslarını laqeydlikdə tənqid etmişdir. Halbuki vaxtilə Myurdal özü abstrakt riyazi modellərlə işləməyi sevərdi.
Zamanla Qunnar Con Meynard Keynsin qızğın tərəfdarına çevrilmişdir. Belə hesab olunur ki, Myurdal Keynsə aid bir sıra nəzəriyyələri daha əvvəl aşkar etmişdir. Lakin ilk olaraq onları ictimaiyyətə təqdim edən isə Keyns olmuşdur.
Alim fəal şəkildə İkinci Dünya Müharibəsi zamanı nasizmə, eləcə də aktiv olaraq Vyetnam müharibəsinə qarşı çıxmışdır. Onun həyat yoldaşı Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür. Bununla da, onlar bu mükafatı qazanan dördüncü evli cütlük olmuşlar. Bundan başqa, 1970-ci ildə Almaniya Federativ Respublikası hökuməti tərəfindən onların hər ikisinə birgə Beynəlxalq Sülh Mükafatı verilmişdir.
Sosial demokratik düşüncələrin inkişafında əvəzsiz rol oynamış alim beynəlxalq sosial siyasətin atası hesab olunur.
Elmi rəhbəri Qustav Kassellə arasında olan kiçik bir dialoq belə nəql edilir: Kasselin: “Qunnar, sən böyüklərinə daha çox hörmət etməlisən, çünki sənin yüksəlişini təyin edən bizlərik”, - deməsinə Myurdal - “Bəli, amma sizin nekroloqlarınızı biz yazacağıq”- cavabını vermişdir.
Parkinson xəstəliyindən əziyyət çəkən Myurdal 89 yaşında dünyasını dəyişmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





