Tanınmış iqtisadçı alim, iqtisad elmləri doktoru, professor Əlövsət Qaraca oğlu Əliyevin bu il 70 illik yubileyidir.
ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Əlövsət Əliyev 1956-cı ildə anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda işə qəbul olunmuşdur. 1982-1987-ci illərdə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində proqramçı, mühəndis, aparıcı mühəndis, 1988-ci ildən qrup rəhbəri, 1989-cu ildən sektor müdiri, 1990-cı ildən laboratoriya müdiri vəzifələrində işləmişdir.
2003-cü ildən İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiridir. 1982-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun aspiranturasına daxil olmuş və 1986-cı ildə dissertasiya müdafiə etmişdir. O, 08.00.13 – “İqtisadi tədqiqatlarda, planlaşdırma və idarəetmə proseslərində riyazi üsulların və hesablama texnikasının tətbiqi” ixtisası üzrə iqtisad elmləri namizədi (indiki iqtisad üzrə fəlsəfə doktoru, “Ekonometriya, iqtisadi statistika” ixtisası) 2004-cü ildən 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dosentdir.
Respublikada ilk dəfə olaraq 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş və sonra isə professor elmi adı almışdır.
Prof. Ə.Əliyev iqtisadçı alim kimi ETN İqtisadiyyat İnstitutu ilə sıx əməkdaşlıq edir. O, İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul imtahanlarının, habelə ixtisas üzrə fəlsəfə dokturu imtahanlarının komissiya üzvüdür. Bir sıra iqtisadiyyat üzrə fəlsəfə doktoru dissertasiya işlərinə uğurla rəhbərlik edir. Dissertasiya işlərinin müzakirəsində və müdafiələrində rəyçi və opponent kimi fəal iştirak edir. Təşkil olunan elmi seminarlara, konfranslara qatılır, çıxışlar edir, əsaslandırılmış təklif və tövsiyələri ilə həmişə diqqət çəkir.
Ə.Əliyev 1991-2000-ci illərdə müxtəlif təyinatlı-idarəetmə, iqtisadiyyat, ekoloji, tibbi informasiya sistemlərinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları sahəsinin iqtisadi-riyazi problemləri, makroiqtisadi proseslərin formalaşması və tənzimlənməsi, həmçinin bir sıra sosial və təhsil sahələrində yeni informasiya texnologiyalarının tətbiqinin səmərəliliyinin yüksəldilməsi, informasiya-kommmunikasiya texnologiyaları bazarının vəziyyətinin təhlili və onun inkişaf perspektivinin müəyyənləşdirilməsi və s. kimi məsələlərlə məşğul olmuş və elmi-tədqiqat işi aparmışdır.
2000-ci ildən sonrakı müddət ərzində İnformasiya Cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri, informasiya-rəqəmsal iqtisadiyyatın (İRİ) makro, mikro, regional, sahə səviyyəsində xüsusiyyətləri, İRİ-nın mövcud vəziyyətinin qiymətləndirilməsi, iqtisadi proseslərdə və idarəetmə orqanlarında informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi xüsusiyyətləri, sosial-iqtisadi sistemlərdə rəqəmsallaşma problemləri, informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsasları, İKT sahəsinin göstəricilər sisteminin müəyyənləşdirilməsi, cəmiyyətdə rəqəmsal fərqliliyi yaradan səbəblərin araşdırılması, innovasiya və biliklər iqtisadiyyatının əsaslarının öyrənilməsi, ictimai və humanitar sahələrin rəqəmsallaşma problemləri, İKT-nin hüquqi və humanitar aspektləri, İKT-yönümlü milli innovasiya sisteminin formalaşdırılması və inkişafı problemləri, innovasiya müəssisələrinin və zonalarının yaradılması, idarə olunması modelləri elmi tədqiqat işlərinin kommersiyalaşdırılması, iqtisadiyyatın yaşıllaşdırılması, İKT əsasında inklüzivlik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, dayanıqlı və davamlı, rəqəmsal, texnoloji və intellektual iqtisadi inkişaf problemləri və s. kimi məsələlərlə məşğul olur, elmi-tədqiqat işləri aparır. “E-Azərbaycan” Dövlət Proqramının işlənilməsində, İnformasiya cəmiyyəti (İC), rəqəmsal iqtisadiyyatı və İKT üzrə göstəricilər və kriteriyalar sisteminin işlənməsində, bir sıra normativ-hüquqi sənədlərin hazırlanmasında fəal iştirak etmişdir.
1987-1997-cü illərdə paralel olaraq əvəzçilik qaydasında ADNA-da baş müəllim və dosent, Mingəçevir Politexnik İnstitutunda dosent, BDU-da dosent, 1997-ci ildən "Ekonomiks" təhsil mərkəzində rəhbər və dosent, 2003-2008-ci illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində humanitar bölmənin kuratoru, sonrakı illərdə isə dosent kimi fəaliyyət göstərmişdir. Bunlarla yanaşı o, İnformasiya cəmiyyətinin, informasiya-rəqəmsal və biliklər iqtisadiyyatının formalaşması problemlərinin nəzəri və praktiki tədqiqi ilə, eləcə də İnformasiya cəmiyyəti şəraitində elektron-kommersiya, yaşıl, inklüziv, kibertəhlükəsiz texnologiyalarının tətbiqi vəziyyətinin təhlili və onun inkişafı üçün müvafiq infrastrukturun formalaşması, Azərbaycanda MİS-in formalaşması, innovasiya müəssisələrinin yaradılmasının və fəaliyyətinin təşkili modelləri və mexanizmlərinin işlənilməsi ilə, "Sosial-iqtisadi sahələrdə informasiya kommunikasiya-texnologiyalarının tətbiqi" ixtisasları üzrə tədrisin həyata keçirilməsi məsələləri ilə məşğul olmuşdur.
2006-2017-ci illərdə AMEF-in, İİN-nin, RİTN-nin, Təhsil Nazirliyinin bir sıra layihələrində iştirak etmişdir. ARDNŞ, eləcə də respublikanın bəzi sosial-iqtisadi müəssisələri ilə, həmçinin İran, Koreya, Yaponiya, ABŞ, Türkiyə, Rusiya, Çexoslovakiya, Polşa, Belorus, Qazaxıstan, Özbəkistan Moldaviya və Gürcüstanın bəzi elm-təhsil müəssisələri ilə İTİ-nin İKT-nin tətbiqinə dair birgə əməkdaşlıq çərçivəsində elmi dəstək verilməsi istiqamətində müvafiq əlaqələndirici işləri yerinə yetirir.
Onun rəhbərliyi ilə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “kompüter elmləri”, “texnoloji innovasiya iqtisadiyyatı” ixtisasları üzrə dissertasiyalar müdafiə edilmişdir. Hazırda da bir neçə magistr, doktorant və dissertant müvafiq sahədə aktual dissertasiya mövzuları üzərində işləyirlər.
Azərbaycanda İnformasiya Cəmiyyətinin və İnformasiya-rəqəmsal iqtisadiyyatın formalaşmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına köməklik göstərir, müvafiq QHT-yə və onun nəzdindəki tədris mərkəzinə rəhbərlik edir və bir sıra ictimai layihələrin yerinə yetirilməsində iştirak edir.
Elmi əsərlərinin ümumi sayı 350-dən çox, o cümlədən elmi jurnallarda dərc olunmuş məqalələrin sayı 180-dir (xaricdə dərc olunmuş jurnal məqalələri-110; respublikada dərc olunmuş jurnal məqalələri-70), konfrans materiallarının sayı 170-dan çoxdur. (beynəlxalq səviyyəli konfrans materialları-120: xaricdə-40; respublikada-80), respublika səviyyəli konfrans materialları 50-dir, elmi-kütləvi jurnal və qəzet materiallarının sayı 30-dur. 7 kitabın, 4 monoqrafiyanın müəllifidir.
İC və İKT üzrə əksər beynəlxalq və respublika konfranslarında iştirak etmiş və elmi məruzə ilə çıxış etmişdir. Elmi-kütləvi jurnallarda və qəzetlərdə nəşr olunmuş İKT, İC-nin və İnformasiya-rəqəmsal iqtisadiyyatının aktual problemlərinə həsr olunan çoxlu sayda məqalənin müəllifidir. "Web of Sciences" (WOS), "Scopus" və digər beynəlxalq bazalarda indeksləşdirilmiş 50-dən çox elmi nəşrləri vardır.
Uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
ETN İqtisadiyyat İnstitutunun kollektivi adından professor Əlövsət Əliyevi 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona elmi fəaliyyətində yeni-yeni uğurlar və möhkəm can sağlığı arzulayırıq.





