Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 28 May – Müstəqillik Günü və Qurban Bayramı münasibətilə tədbir təşkil olunub. Tədbirdə İnstitutun rəhbərliyi və şöbələrin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, professor Nazim Müzəffərli əməkdaşları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Baş direktor çıxışında 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və dövlətçilik ənənələrinin mühüm təcəssümü olub.
N.Müzəffərli qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, demokratik idarəçilik prinsiplərinin formalaşmasına mühüm töhfələr verib. O, müasir Azərbaycanın həmin dövlətin siyasi və mənəvi varisi olduğunu diqqətə çatdırıb.
Tədbirdə əsas məruzələrlə çıxış edən gənc tədqiqatçı Cavanşir Burhanzadə və aparıcı elmi işçi Tanrıverdi Paşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti və müasir Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə ətraflı məlumat veriblər.
Məruzəçilər bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb. Cümhuriyyət dövründə parlamentin yaradılması, qadınlara seçki hüququnun verilməsi, milli ordunun formalaşdırılması və təhsil sahəsində həyata keçirilən islahatlar dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edib.
Çıxışlarda müstəqillik illərində Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlardan, milli təfəkkürün inkişafından və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindən də bəhs olunub. Qeyd edilib ki, bu gün Azərbaycan regionun güclü və nüfuzlu dövlətlərindən biri kimi beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirir.
Sonda İnstitutun rəhbərliyi tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik edib, xalqımıza sülh, rifah və davamlı inkişaf arzulanıb.





