Mayın 22-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda i.ü.f.d. Elnur Zeynalovun sədrliyi ilə Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib.
Toplantıda İnstitutun doktorantı Toğrul Məlikzadə “Orta müddətli xərclər çərçivəsinin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Gənc tədqiqatçı büdcə xərcləri və onların optimallaşdırılması, fiskal siyasət, xərclərin səmərəliliyi, fiskal dayanıqlılıq, dövlətin makroiqtisadi məqsədləri, dövlət borcunun idarə olunması və Açıq Büdcə İndeksi barədə ətraflı məlumat verib.
Təqdimatda büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi ilə inflyasiya arasındakı əlaqənin dəyişkənliyi, 2025–2028-ci illər üzrə dövlət büdcəsi qarşısında duran əsas çağırışlar, Azərbaycanda tətbiq olunan orta müddətli xərclər çərçivəsinin təkmilləşdirilməsi istiqamətləri, fiskal xərclərin səmərəliliyi və müvafiq illər üzrə büdcə indeksi göstəriciləri ilə bağlı aparılan tədqiqatların nəticələri təqdim olunub.
Müzakirələrdə İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov da iştirak edib və tədqiqatın daha da dərinləşdirilməsi ilə bağlı öz tövsiyələrini səsləndirib.
Tədbir çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, müxtəlif təklif və tövsiyələr irəli sürülüb.





