Martın 16-da Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda daimi elmi seminar keçirilmişdir. Elmi katib, i.e.d. Leyli Allahverdiyevanın sədrliyi ilə keçirilən seminarda ETN İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Vəfa Həşimova “Pensiya sisteminin liberallaşdırılması” mövsusunda məruzə ilə çıxış edib.
Tədqiqatçı pensiya sisteminin formalaşmasına təsir edən və dayanıqlılığını təmin edən bir neçə sosial, demoqrafik və iqtisadi amilləri araşdırmışdır. Məsələn, pensiyaların əvəzetmə əmsalından, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətindən pensiyaçıların və işçilərin gəlirlərindəki fərqi müəyyənləşdirmək üçün istifadə edilir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) 128 saylı Konvensiyasına əsasən orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 45%-dən az olmamalıdır. Nəticələrə görə Azərbaycanda pensiyaların əvəzetmə əmsalı 2010-cu ildə 30,3% idisə, 2024-cü ildə 43,7%-ə yüksəlmişdir. Pensiyaçıların sosial vəziyyətini ölçən göstəricilərdən biri də minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumuna nisbətidir. 2018-ci ildən etibarən Azərbaycanda minimum pensiya məbləği yaşayış minimumunu üstələyərək pensiya təminatının adekvatlığını təmin etmişdir. 2025-ci ilin əvvəlinə minimum pensiya məbləğinin yaşayış minimumuna nisbəti əsasən 137,9 faiz təşkil etmişdir ki, bu da sosial müdafiə siyasətinin effektivliyini göstərir.
Məruzəçi qeyd edib ki, pensiya sisteminin dayanıqlığının ən mühüm göstəricilərindən biri məhz dövlətin pensiya xərclərinin ÜDM-ə olan nisbətidir. Müasir sosial təminat modellərində pensiya sistemlərinin maliyyə dayanıqlılığı və iqtisadi adekvatlığı əsas hədəflərdən biri kimi çıxış edir. Bu çərçivədə pensiya xərclərinin ÜDM-ə olan nisbəti həm xərclərin ümumi iqtisadi yükünü, həm də sistemin dayanıqlılıq səviyyəsini əks etdirən mühüm makroiqtisadi göstəricidir. 2024-cü ilin göstəricilərinə görə Azərbaycanda bu nisbət 5,2% olub.
Sonda mövzu ətrafında maraqlı müzakirələr aparılmış və suallar cavablandırılmışdır (economics.org.az).





