Fevralın 2-də ETN İqtisadiyyat İnstitutunda Gənclər Günü münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov Gənclər Gününün yaranma tarixindən, gənclərin aparıcı qüvvə kimi ölkəmizin ictimai həyatındakı rolundan, gənclərə göstərilən dövlət qayğısından, bütövlükdə dövlətin gənclər siyasətindən, habelə İqtisadiyyat İnstitutunda gənc tədqiqatçılara yaradılan şəraitdən danışıb. Bildirib ki, birinci Azərbaycan Gəncləri Forumu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilib. Bununla da Azərbaycan Gəncləri Forumlarının keçirilməsi ənənəsi formalaşıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət gənclər üçün aydın “yol xəritəsi”nə çevrilib, Azərbaycanda gənclər üçün bütün sahələrdə geniş imkanlar yaradılıb.
İnstitutun Elmi katibi, i.e.d. Leyli Allahverdiyeva, Həmkarlar Təşkilatının sədri, dos. Pərviz Həsənov, Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dos. Mahir Zeynalov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı İqtisadiyyat İnstitutu ərazi partiya təşkilatının sədri Şövqi Xəlilov çıxış edərək Gənclər Günü münasibəti ilə gəncləri təbrik ediblər, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra 2 fevral - Gənclər Günü münasibəti ilə bir qrup fəal gənc tədqiqatçıya - səmərəli elmi fəaliyyətinə və dissertasiya tədqiqatını uğurla yekunlaşdırmasına görə Aygün Təhməzli, Nüsrət İbrahimov, Aytən Əbdürrəhmanova, habelə fəallığına görə Murad Fərəcov, Aytac Kərimova ETN İqtisadiyyat İnstitutunun fəxri diplomları təqdim olunub.
Tədbirdə İnstitutun “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin elmi işçisi, Şuranın üzvü Dilman Əsədov “İnsan kapitalının inkişafı kontekstində idman xidmətlərinin tənzimlənməsi” mövzusunda yerinə yetirdiyi tədqiqat üzrə təqdimatla çıxış edib. İnsan kapitalının inkişafında, səhiyyə və sağlamlıq göstəricilərinin yaxşılaşmasında idmanın rolu və əhəmiyyətini xüsusi qeyd edən gənc tədqiqatçı ölkədə idman infrastrukturunun vəziyyəti, idmanla məşğul olanların sayı, regionlarda idmanın inkişafı, dövlət büdcəsində idman xərcləri barədə danışıb, təhlil və qiymətləndirmələrin nəticələrini diqqətə çatdırıb. Habelə beynəlxalq təcrübədən çıxış edərək ölkəvi müqayisələr aparıb, təklif və tövsiyələrini səsləndirib.
Sonra təqdimat mövzusu ilə bağlı suallar cavablandırılıb, maraqlı müzakirələr aparılıb, təklif və tövsiyələr qeyd olunub.





