Yanvarın 26-da ETN İqtisadiyyat İnstitutunun daimi elmi seminarı keçirilib. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən elmi seminar iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Teymur Vəliyevin 100 illik yubileyinə həsr olunub.
AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov Teymur Vəliyev haqqında xatirələrini danışıb, onu Azərbaycan iqtisad elminin tanınmış, görkəmli alimi kimi xarakterizə edib, ölkəmizdə iqtisad elminin inkişafındakı xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, Teymur Süleyman oğlu Vəliyev 1926-cı il yanvarın 15-də Ağdam rayonunda anadan olmuşdur. 1947-1951-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrufatı İnstitutunda təhsil almışdır. Respublikada iqtisadiyyat üzrə doktorluq dissertasiyası müdafiə edən (1966) ikinci alimdir. 1966-1971-ci illərdə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tədris işləri üzrə prorektoru, 1971-1992-ci illərdə ADU-nun Siyasi iqtisad kafedrasının müdiri, 1977-1989-cu illərdə Universitetin tədris işləri üzrə prorektoru, 1992-2000-ci illərdə yenidən Azərbaycan İqtisad Universitetinin elmi işlər üzrə prorektoru vəzifələrində çalışmış, 2000-2002-ci illərdə BDU-nun İqtisadiyyat kafedrasının propessoru kimi fəaliyyət göstərmişdir. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
ETN İqtisadiyyat İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov alimin həyat yolu və elmi fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirib ki, T.Vəliyev 200-ə qədər elmi əsərin muəllifidir. Onun elmi rəhbərliyi ilə 20 nəfərdən çox elmlər namizədi və doktoru hazırlanmışdır. Uzun müddət Azərbaycan siyasi iqtisad (iqtisadi nəzəriyyə) elmi məktəbinə rəhbərlik etmiş, fundamental monoqrafiyalar yazmışdır. T.Vəliyevin elmi tədqiqat istiqamətlərində istehsal münasibətləri, mülkiyyət kateqoriyası, onun formaları, reallaşdırılması obyekti və subyekti kimi ciddi elmi məsələlər də mühüm yer tutur. Əsərlərində qeyd olunur ki, məhz mövcud mülkiyyət forması ona adekvat istehsal münasibətlərinin əsasını təşkil edir, iqtisadi-sosial inkişafa dinamik qüvvə kimi katalizator gücü verir. T.Vəliyev iqtisadi inkişaf səviyyələrinin tarazlaşmış qanunauyğunluqlarını aşkar etməklə, ədalətin, humanizmin əlaməti kimi xarakterizə etmişdir. Onun əmək bölgüsü haqqında mülahizələri o dövrun sosializm və bazar, sosializm və əmtəə-pul munasibətləri kimi aktual məsələlərinə aydınlıq gətirir.
T.Vəliyevin diqqət mərkəzində duran mühüm elmi məsələlərdən biri də xalqımızın iqtisadi fikir tarixinin obyektiv araşdırılması olmuşdur. O, həmin sahədə tarixdə ümumbəşəri dəyərləri ilə məşhur olan mütəfəkkirlərimizin əsərlərində ifadə olunan iqtisadi fikirləri üzə çıxarmaq kimi nəcib elmi məqsədi qarşısına qoymuşdu. Alim öz həmkarları ilə birgə Azərbaycan iqtisadi fikir tarixinə həsr edilmiş iki monoqrafiyanın aparıcı muəlliflərindən biridir. Onlardan biri 1987-ci ildə rus dilində nəşr olunmuşdur. Həmkarı, dosent A.Həsənovla yazdığı və 1996-cı ildə çapdan çıxan ikinci kitabda tarixi və məntiqi prinsipi rəhbər tutmaqla, iqtisadi ideyalar daha da dərinləşdirilmiş, müxtəlif tarixi mərhələlərdə xalqımızın iqtisadi, sosial həyat tərzi, mütərəqqi təkamül prosesi yüksək səviyyədə işıqlandırılmışdır. Çoxsaylı dərsliklərin, o cümlədən Azərbaycanda ilk “İqtisadi nəzəriyyə” dərsliyinin (1995) redaktoru və muəlliflərindən biri olmuşdur.
Digər çıxış edənlər - aparıcı elmi işçi, i.f.d. Firdovsi Şahbazov, baş elmi işçi, i.e.d. Sevda Mikayılova T.Vəliyevin iqtisad elminin inkişafında, yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında, təhsil-təlim sahəsindəki xidmətlərindən danışıblar (economics.org.az).





