Dekabrın 15-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan iclasda İnstitutun Elmi katibi, i.e.d. Leyli Allahverdiyeva İqtisadiyyat İnstitutunun 2025-ci ildə elmi-təşkilati fəaliyyəti üzrə yekun hesabat məruzəsi ilə çıxış edib.
İnstitutun əməkdaşlıq etdiyi dövlət qurumları, yerli və xarici universitetlər, beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər, görüşlər barədə məlumat verən elmi katib bildirib ki, il ərzində İnstitutun elmi-tədqiqat istiqaməti - «Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın milli prioritetlərinin reallaşdırılması istiqamətləri» olmuşdur. Bir sıra mühüm elmi nəticələr əldə edilmişdir. Belə ki, elmin maliyyələşdirilməsi ilə bağlı dünya təcrübəsi araşdırılmış, statistik məlumatlar və ekspert sorğuları əsasında elmi fəaliyyətin maliyyələşməsi və dövlət tənzimlənməsi sahəsində mövcud vəziyyət təhlil edilərək qiymətləndirilmişdir. Tədqiqatda həm dövlət vəsaitləri hesabına maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, həm də digər mənbələrin elmin maliyyələşdirilməsinə cəlb olunması imkanları ilə bağlı təklif və tövsiyələr irəli sürülmüşdür.
Habelə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin iqtisadi inteqrasiyası üçün “Regional İnteqrasiya Olunmuş Dəyər Zənciri Arxitekturası” (T-RIDZA) Modeli təklif edilmişdir. T-RIDZA modeli çərçivəsində regional istehsal prosesləri xammaldan son montaja qədər TDT daxilində tamamlanır, inteqrasiya prosesi vahid və qarşılıqlı asılı mərhələlərə çevrilir, idxaldan asılılığı azaldan yeni iqtisadi struktur formalaşır. Bu model TDT məkanında birləşmiş sənaye siyasəti, ortaq texniki standartlar, koordinasiya olunmuş investisiya prioritetləri və kollektiv rəqabət üstünlüyü yaradan yeni institusional çərçivə təklif edir.
Digər bir elmi nəticəyə görə, sosial inkişafın inklüzivlik səviyyəsini ölçmək üçün metodoloji çərçivə işlənib hazırlanmış, “İnklüziv Sosial Təminat İndeksi” (İSTİ) adlandırılmış kompozit göstərici təklif olunmuşdur. İSTİ, 3 Sub-indeks (Sosial Təminat Sisteminin Əhatəliliyi, Sosial Təminat Sisteminin Dayanıqlığı, Sosial Təminat Sisteminin Adekvatlığı), habelə 11 göstərici əsasında hesablanmışdır. İndeks Azərbaycan da daxil olmaqla 30 ölkə üçün hesablanmışdır.
Post-konflikt ərazilərdə aparılan böyük həcmli bərpa və quruculuq işlərində özəl investisiyaların iştirakı dövlət investisiyalarına nisbətdə çox azdır. Dövlət vəsaitlərinə qənaət, quruculuq işlərinin sürətləndirilməsi, region iqtisadiyyatının diversifikasiyası və digər müsbət effektlərə nail olmaq üçün regiona özəl investisiyaların cəlbi genişləndirilməlidir. Yaradılmış stimullaşdırıcı rejim gözlənilən nəticələri tam həcmdə vermir. Regiona özəl investisiya cəlbinin yeni prinsipləri, mexanizmləri, formaları və fəaliyyət alqoritmi işlənib hazırlanmışdır. Alqoritmin mərkəzində səlahiyyətli dövlət orqanları, özəl sahibkarlıq birlikləri və bankların konkret istiqamətdə və konkret layihələr üzrə birgə fəaliyyəti üçün yaratdıqları quruculuq qrupları durur. Tədqiqat işində bu qrupların formalaşdırılması yolları, onların əsas fəaliyyət istiqamətləri, təşkilati işlərin ümumi alqoritmi əsalandırılmışdır.
Başqa bir elmi nəticəyə görə, Azərbaycanın elektron informasiya (e-informasiya) xidmətləri sahəsində dövlətin iqtisadi siyasəti təhlil olunmuşdur. Bu məqsədlə, işlənmiş metodologiya əsasında Azərbaycanda və bir sıra digər ölkələrdə e-informasiya xidmətlərinin göstərilməsi prosesinin dövlət tənzimlənməsi mexanizmlərinin sərtlik (mülayimlik) dərəcəsi ölçülmüşdür. Azərbaycanda e-informasiya xidmətlərinin inkişaf göstəriciləri, bu xidmətlərin inkişafı üçün görülən tədbirlər təhlil olunmuşdur. Yeni metodoloji yanaşmaya əsaslanan sorğu keçirilərək, ölkədə e-informasiya xidmətlərinin keyfiyyəti qiymətləndirilmişdir. Tədqiqat nəticəsində, Azərbaycanda e-informasiya xidmətlərinin inkişafı istiqamətində müvafiq tövsiyələr irəli sürülmüşdür.
Dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğunda dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri müəyyən edilmiş, müvafiq təkliflər verilmişdir. Azərbaycanda makroiqtisadi artım proqnozlaşdırılmışdır.
Elmi katib qeyd edib ki, il ərzində İnstitutun əməkdaşları tərəfindən 10 monoqrafiya, 2 dərs vəsaiti, 4 proqram və metodik vəsaitlər, 231 məqalə, o cümlədən xaricdə 95 məqalə (impakt faktorlu jurnallarda 43) nəşr olunub. Müxtəlif aktual elmi mövzuların müzakirəsinə həsr olunmuş 15 elmi seminar təşkil edilib. İnstitutun əməkdaşları müxtəlif universitetlərdə təşkil olunmuş seminarlarda iştirak etmiş və mühazirələr oxumuşdur.
İnstitutun 54 doktorant və dissertantı var. Dissertasiya Şurasında 32 dissertasiya işi (3 elmlər və 29 fəlsəfə doktorluğu üzrə) müdafiə olunmuşdur.
Elmi əməkdaşlar yerli və xarici KİV-də məqalə və müsahibələrlə çıxış ediblər. 2025-ci il ərzində economics.org.az saytında İnstitutun fəaliyyəti ilə bağlı 200-ə yaxın orijinal xəbər yerləşdirilmişdir. 2024-cü ildə tam yenilənmiş dizaynla fəaliyyətə başlayan İnstitutun “economics.org.az” İnternet saytına daxilolma və baxış sayı 1,3 milyona çatmışdır. YouTube kanalında, çoxu alimlərimizin TV-kanallardakı müsahibələri və ekspert qismində çıxışları olmaqla 176 video-material yerləşdirilib. İl ərzində kitabxanamızın fonduna 50 nüsxə yeni ədəbiyyat daxil olub (economics.com.az).
İqtisadiyyat İnstitutunun 2025-ci ildə elmi-təşkilati fəaliyyəti üzrə yekun hesabat





