Dekabrın 11-də ETN İqtisadiyyat İnstitutunun daimi Elmi Seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, professor Rəsmiyyə Abdullayeva seminarın əsas məruzəçisini - Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent Hamid Ozmanı təqdim edib. Bildirib ki, bu il oktyabrın 23-24-də Türkiyənin İzmir şəhərində, EGE Universitetində II Beynəlxalq Asiya İntibahı Simpoziumu keçirilmişdir. Tədbir Türkiyənin EGE Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti və Azərbaycan ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılğı ilə baş tutub. Həmin tədbirin əsas təşkilatçılarından və bu işə böyük əmək sərf edənlərdən biri məhz Hamid Ozman olub. Bunu nəzərə alaraq onun fəaliyyəti yüksək qiymətləndirilib, R.Abdullayeva ETN İqtisadiyyat İnstitutunun baş direktoru adından Hamid Ozmana “Təşəkkürnamə” təqdim edib.
Tədbirdə söz alan Hamid Ozman iki qardaş ölkə arasında elm sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əlaqələrin zamanla daha da genişləndiyini və çox faydalı olduğunu qeyd edib. Habelə II Beynəlxalq Asiya İntibahı Simpoziumunda fəal iştirak etmiş İqtisadiyyat İnstitutunun bir qrup əmkdaşına sertifikat təqdim edib.
Sonra Hamid Ozman Elmi Seminarda “Beynəlxalq iqtisadi vəziyyət və Türkiyə iqtisadiyyatı” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi dünya iqtisadiyyatında baş verən verən, diqqət çəkən iqtisadi proseslər və onun Türkiyə iqtisadiyyatına təsiri, infilyasiya, beynəlxalq ticarət və rəqabət, makroiqtisadi rəqəmlər, ölkələrin inkişaf səviyyəsindəki fərqlər, texnoloji inkişaf trendləri, dünya iqtisadiyyatında Türkiyənin yeri və rolu, qardaş ölkənin iqtisadiyyatında əsas inkişaf meyilləri, problemlər, Asiya ölkələrində, türk dövlətlərində iqtisadi artım göstəriciləri barədə danışıb, öz mülahizələrini bölüşüb.
Sonra suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb (economics.org.az).





