Noyabrın 24-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda İnstitutun elmi şöbələrinin illik hesabatlarının dinlənilməsinə başlanılıb.
İlk olaraq “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsinin müdiri, i.e.d., professor Gülşən Yüzbaşıyeva şöbənin 2025-ci ildə apardığı tədqiqatlar və əldə etdiyi mühüm elmi nəticələr barədə təqdimatla çıxış edib. Şöbə onun rəhbərliyi ilə “Dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin olunmasının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda tədqiqatlar yerinə yetirib.
Sonra “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin müdiri, i.e.d., professor Fuad Qənbərov “Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri”, “Demoqrafiya və məşğulluq problemləri” şöbəsinin müdiri, i.e.d., professor Şahbaz Muradov “Azərbaycan Respublikası regionlarında demoqrafik vəziyyətin və respublikada məşğulluğun tənzimlənməsi istiqamətləri”, "Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Famil Rüstəmov “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzularında apardıqları tədqiqatların əsas elmi nəticələrini təqdim ediblər.
Elmi Şurada hər bir şöbənin hesabatı və tədqiqatlarının nəticələri geniş müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib, suallar cavablandırılıb (economics.org.az)





