Noyabrın 18-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda bir sıra məsələlər müzakirə edilmişdir.
İclasda 2025-ci ildə İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul olmuş doktorantların iştirakı ilə onların dissertasiya mövzularının müzakirəsi keçirilmişdir. Hər bir dissertasiya mövzusu ayrılıqda geniş müzakirə edilərək təsdiq edilmişdir.
Elmi Şurada İnstitutun “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin müdiri, i.e.d., dosent Yaşar Məmmədov yazdığı yeni monoqrafiyanın - “Müasir iqtisadiyyatın güzgüsü: Fond bazarlarının dünya və Azərbaycan reallıqları” mövzusunda çıxış edib. Bildirib ki, monoqrafiyada müasir iqtisadi transformasiya şəraitində qlobal və milli fond bazarlarının inkişaf meyilləri çoxşaxəli təhlil olunur. Müəllif dünya fond bazarlarının tarixi formalaşma prosesi, iqtisadi artım, investisiya axınları və maliyyə sabitliyi ilə qarşılıqlı əlaqə mexanizmlərini elmi əsaslarla qiymətləndirir. Tədqiqat çərçivəsində Azərbaycanın fond bazarının makroiqtisadi mühitdə inkişaf mərhələləri, struktur quruluşu, institusional xüsusiyyətləri və mövcud problemləri dərindən araşdırılmışdır. Bununla yanaşı, bazarın iqtisadi sistemə təsiri qlobal və regional göstəricilərlə müqayisəli şəkildə dəyərləndirilmişdir. Aparılmış araşdırmalar əsasında fond bazarının səmərəliliyinin yüksəldilməsi, kapital axınlarının şaxələndirilməsi, institusional islahatların gücləndirilməsi və beynəlxalq təcrübəyə uyğun tənzimləmə mexanizmlərinin tətbiqi üzrə elmi və praktik cəhətdən əsaslandırılmış təkliflər irəli sürülmüşdür.
Sonra “Müasir iqtisadiyyatın güzgüsü: Fond bazarlarının dünya və Azərbaycan reallıqları” mövzusunda maraqlı müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.org.az).





