Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin (BBU) magistrantlarına elmi-tədqiqat təcrübəsi keçirilir. Noyabrın 12-dən dekabrın 9-na kimi İqtisadiyyat İnstitutunun alimləri tərəfindən təşkil edilən təlimlərdə BBU-nun II kursda təhsil alan 10 magistrantı iştirak edir.
Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün i.f.d, dosent Tariyel Qurbanov magistrantlara elmi tədqiqat təcrübəsinin rəhbəri təyin edilib. İqtisadiyyat İnstitutunda BBU-nun təlimlərdə iştirak edən magistrləri ilə görüş keçirilib. Tədbirdə BBU-nun Magistratura və Doktorantura Mərkəzinin rəhbəri İsmayıl Şərifli, Universitet-Sənaye Əməkdaşlığı və Məzunlarla İş Mərkəzinin direktoru, i.ü.f.d. Qafar Bağırov da iştirak ediblər.
Kursların keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən ödənişli olan təlim kursları üçün BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyir. Bu, özəl universitetlə elmi İnstitut arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda maraqlı və diqqət çəkən təcrübədir. Onlar üçün elmi tədqiqat xarakterli təlimlər, praktiki məşğələlər təşkil olunacaq. Təlimləri İqtisadiyyat İnstitutunun aparıcı alimləri keçirlər.
Magistrantlar İqtisadiyyat İnstitutunda aparılan funtamental elmi-tədqiqat işləri ilə də yaxından tanış olmaq imkanı qazanırlar. Elmi tədqiqat təcrübəsinin sonunda magistrantlara İqtisadiyyat İnstitutunun sertifikatlarının təqdim olunması nəzərdə tutulur (economics.org.az).





