(1907, Svonec, İngiltərə – 1995, Kembric, İngiltərə)
Əsərləri: “İqtisadi təhlil və siyasətə giriş” (1936), “Milli gəlir və xərc” (1944), “Planlaşdırma və qiymət mexanizmi” (1948), “Beynəlxalq iqtisadi siyasət nəzəriyyəsi” (1951), “Beynəlxalq ticarət həndəsəsi” (1952), “Ticarət və rifah” (1955), “Gömrük ittifaqları nəzəriyyəsi” (1956), “İqtisadi artımın neoklassik nəzəriyyəsi” (1961), “Artan iqtisadiyyatda mənfəətin dərəcəsi” (1963), “Siyasi iqtisadın prinsipləri” (1965), “İntellektual radikalın iqtisadi siyasət bələdçisi” (1975), “Staqflyasiya” (1982), “Tam məşğulluq bərpa olundu?” (1995)
Ceyms Mid XX əsrin tanınmış ingilis iqtisadçılarından olmuşdur. O, beynəlxalq ticarət və rifah iqtisadiyyatı nəzəriyyəsinə böyük töhfələr vermişdir.
Mid azad ticarətin hansı şəraitdə ölkəni daha yaxşı vəziyyətə saldığını, hansı şərtlərdə isə yaxşılaşdırmadığını araşdırmışdır. O belə nəticəyə gəlmişdir ki, əvvəlki inancların əksinə olaraq, əgər bir ölkə artıq öz bazarlarından birini beynəlxalq rəqabətdən qoruyursa, başqa bir bazarın daha da qorunması “ikinci ən yaxşı” ola bilər. Yəni, ideal vəziyyət o olardı ki, bütün ticarət maneələri aradan qaldırılmış olsun. Lakin əgər hansısa səbəbdən bu mümkün deyilsə, o zaman diqqətlə seçilmiş proteksionizm (himayədarlıq) dozasının əlavə edilməsi ölkənin iqtisadi rifahını yaxşılaşdıra bilər.
Azad ticarət siyasətinin tərəfdarı olan Ceyms hesab edirdi ki, dövlət tənzimlənməsi çox vaxt iqtisadiyyata zərər verir. Eyni zamanda deyirdi ki, hökumət gəlir bərabərliyini təşviq etmək üçün güclü tədbirlər görməlidir.
Mid işsizliyin əmək haqqının insanların öz əməyini təklif etməyə hazır olduqları səviyyədən yuxarı müəyyən edildikdə baş verdiyini iddia edirdi. O, əmək haqqı mübahisələrində məcburi arbitrajın olmasını təklif edirdi. Arbitr, öz növbəsində, ən yüksək məşğulluq səviyyəsinə gətirib çıxaracaq əmək haqqını seçəcəkdir. Lakin alimin bu işi az dəstək almışdır. Daha sonra o, fərqli yanaşmaya müraciət edərək firmaların əmək və kapital arasında ortaqlığa çevrilməsini və hər bir işçinin firmanın gəlirindən müəyyən pay almasını təklif etmişdir.
İqtisadçı qeyd edirdi ki, tələbin idarə edilməsi daimi olaraq aşağı işsizliyə səbəb ola bilməz. Onun qənaətinə görə, tələbin idarə edilməsinin rolu iqtisadiyyatda nominal dəyərləri (xüsusilə inflyasiya), mikroiqtisadi siyasət və institutların rolu isə məşğulluq səviyyəsini müəyyən etmək idi. Alimin fikrincə, mikroiqtisadi siyasətin ən yaxşı məqsədi ümumi pul xərclərinin artımını sabitləşdirməkdir.
Mid tam məşğulluğa nail olmaq üçün fiskal siyasətdən, hökumətin tədiyə balansı üzrə hədəfinə nail olmaq üçün monetar siyasətdən istifadə edilməsi ideyasını müdafiə edirdi. Onun fikrincə, bu siyasət alətləri bir-biri ilə qarşılıqlı əlaqədə olur. Belə ki, üzən məzənnələr dövründə hökumətlərin inflyasiya və büdcə balansı ilə bağlı qəbul etdiyi hədəflərə çatmaq üçün monetar və fiskal siyasətin müəyyənləşdirilməsi birgə nəzərdən keçirilməlidir.
Ceyms texnoloji dəyişikliklərin cəmiyyətin daha az imkanlı üzvlərini yoxsulluğa sürükləyəcəyindən narahat idi. O, yeganə həll yolunu gəlirlərin yenidən bölüşdürülməsinin səmərəli sisteminin olmasında görürdü.
P.S. İngilis iqtisadçısı, neoklassik sintezin əsas nümayəndələrindən biri kimi tanınan Ceyms Mid əvvəlcə Melvern kollecində təhsil almış, bu dövrdə digər fənlərlə yanaşı əsasən latın və yunan dillərini öyrənmişdir. Daha sonra Kembric Universitetinə daxil olmuşdur. Bunun ardınca Oksford Universitetində ikinci dəfə bakalavr dərəcəsi almışdır. Belə ki, burada ilk əvvəl klassik ədəbiyyatı öyrənsə də, müharibələrin nəticəsi kimi İngiltərədə yüksək işsizlik problemindən təsirlənərək iqtisadiyyat sahəsinə keçid etmişdir. Bu fənn o zaman Oksfordda tamamilə yeni bir mövzu idi. O, iqtisadiyyatdan dünyanı daha yaxşı bir yerə çevirmək üçün istifadə etmək istəyirdi. Həmin ildən başlayaraq bu universitetdə dərs demişdir. 1947-1957-ci illərdə London İqtisadiyyat Məktəbində, 1974-cü ildən təqaüdə çıxana qədər Kembric Universitetində tədris fəaliyyəti ilə məşğul olmuşdur.
Ceyms məşhur iqtisadçı alim Con Meynard Keynsin ətrafında sıxlaşan “Kembric dərnəyi”nin aktiv üzvlərindən biri idi. Burada iştirak edərkən “Keyns multiplikatoru” konsepsiyasını inkişaf etdirməyə kömək etmişdir.
1930-cu illərdə Böyük Britaniya hökumətinin Millətlər Liqasının İqtisadi və Maliyyə Təşkilatı üzrə xüsusi müşaviri vəzifəsində çalışmışdır. O, həmçinin II Dünya Müharibəsi zamanı Britaniya hökumətinin milli gəlir hesablarının hazırlanmasına köməklik göstərmişdir. 1951-ci ildə Britaniya Akademiyasının üzvü seçilmişdir. 1964-1966-cı illərdə Kral İqtisadiyyat Cəmiyyətinin prezidenti vəzifəsini tutmuşdur.
1930-cu illərdə Leyboristlər Partiyasının müşaviri, 1980-ci illərdə isə Sosial Demokrat Partiyasının üzvü olan alim ikili mövqeyini belə ifadə edirdi: “ürəyim solda, beynim isə sağdadır”. O, Tariflər və Ticarət üzrə Baş Sazişin (indiki Ümumdünya Ticarət Təşkilatı) ilk layihəsini hazırlayanlardan olmuşdur.
“Beynәlxalq ticarәt vә kapitalın beynәlmilәl hәrәkәti nәzәriyyәsinә yenilikçi töhfәlәrinә görә” 1977-ci ildә İqtisadiyyat üzrə Nobel mükafatını almışdır. O, bu mükafata müştәrәk olaraq İsveç iqtisadçısı Bertil Ulin ilə layiq görülmuşdür.
Ceyms ictimai fəallığı ilə də seçilirdi. 1981-ci ildə “The Times”a ünvanlanmış, Marqaret Tetçerin iqtisadi siyasətlərini sorğulayan və bu siyasətin mövcud depressiyanı daha da pisləşdirəcəyi barədə xəbərdarlıq edən məktubu imzalayan 364 iqtisadçıdan biri olmuşdur.
Deyilənə görə, Ceyms bir səhər avtobusla Kembricdən mühazirə oxuyacağı Bukingem Universitetinə gedirmiş. Avtobusdan enərkən iqtisadçını gözləyən bir qrup hörmətli şəxsin onu qarşıladığını görərkən təəccüblənir. Alimə məlumat verilir ki, Stokholmdan ona Nobel mükafatının verilməsi barədə elan gəlmişdir.
Ceymsin ixtisası yalnız iqtisadçı olmaqla bitmirdi, həm də kifayət qədər bacarıqlı riyaziyyatçı idi. O, gözəl səsi ilə seçilirdi. Həmçinin mahir dülgər idi.
Mid Oksfordda Millətlər Liqası Birliyinin katibi işləmiş Marqaret Uilson adlı xanımla ailə həyatı qurmuşdur. Onların bu izdivacdan dörd övladı dünyaya gəlmişdir. Ceyms və Marqaret qonaqpərvərliyi və səxavəti ilə fərqlənirdi. Mid mədəniyyətli, sakit xarakterli insan idi.
Alim 88 yaşında dünyasını dəyişmişdir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





