Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə İnstitutun doktorant və dissertantları üçün “Dissertasiyanın elmi səviyyəsinin yüksəldilməsi və mövcud tələblərə uyğunlaşdırılması” mövzusunda təlimlər təşkil olunub. Son təlim dekabrın 11-də keçirilmişdir.
İlk təlimi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Asif Mustafayev “Dissertasiyada problemin qoyuluşu, predmet və tədqiqat sualının müəyyən olunması” mövzusunda keçib.
Təlimlər davam edib. Növbəti təlimləri İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, professor Rəsmiyyə Abdullayeva, İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin müdiri, dosent Allahyar Muradov, Post-Konflikt Ərazilərin Bərpası Mərkəzinin rəhbəri, dosent Azər Səfərov, "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, dosent Rəvanə Əsədova, "Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin aparıcı elmi işçisi Tanrıverdi Paşa keçiblər.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Ellada Xankişiyeva economics.org.az saytına bildirib ki, dissertasiyanın yazılması mürəkkəb tədqiqat prosesidir və sistemli yanaşma tələb edir. Dissertasiya dərin elmi töhfə, orijinallıq, düzgün metodologiyanın seçimi və tələblərə ciddi riayət etməyi nəzərdə tutur. Müşahidələr göstərir ki, doktorantların və dissertantların 40%-i ilkin mərhələdə yetərli hazırlıqlı olmadığı üçün çətinliklərlə üzləşirlər. İqtisadiyyat İnstitutu tərəfindən öz elmi heyətinin iştirakı ilə təşkil olunan dissertasiya yazma təlimləri elmi işin strukturunu qurmağa, metodoloji səhvlərdən qaçmağa və hər mərhələdə səyləri düzgün bölüşdürməyə kömək edir.





