Oktyabrın 9-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti arasında onlayn formatda görüş keçirilib. Tədbirdə hər iki qurumun bir qrup rəhbər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli rəhbərlik etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətləri, fundamental elmi tədqiqat mövzuları, dövlət və hökumət qurumlarının sifarişi ilə həyata keçirilən layihələr, hökumətin müvafiq işçi komissiyalarında ekspert qismində iştirak və s. barədə geniş məlumat verib. Son illər Türk dövlətləri arasında artan siyasi və iqtisadi əlaqələrdən, bunun Özbəkistan və Azərbaycan arasında elm sahəsində də əməkdaşlıq üçün yaxşı fürsətlər yaratmasından danışıb.
Daşkənd Dövlət Nəqliyyat Universitetinin (DDNU) rektoru, iqtisad elmləri doktoru, professor Əbdüləziz Qulamov Özbəkistsn və Azərbaycan arasında dərin qarşılıqlı etimada əsaslanan əlaqələrin genişlənməsindən, hər iki ölkənin Prezidentlərinin bu sahəki aktiv fəaliyyətindən danışıb. Rektor rəhbərlik etdiyi Unversitetin fəaliyyəti, Özbəkistanda həyata keçirilən iqtisadi islahatlar, xüsusən də nəqliyyat sektorundakı son yeniliklər barədə geniş məlumat verib. DDNU-nun təhsil sahəsindəki fəaliyyəti ilə yanaşı beynəlxalq elmi araşdırmalara, ETN İqtisadiyyat İnstitutu ilə birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılmasına maraq göstərdiklərini vurğulayıb.
Sonra İqtisadiyyat İnstitutu ilə Daşkənd Dövlət Nəqliyyat Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədqiqatların aparılması imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb (economics.org.az).





