Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı (HT) Komitəsinin sədri, dosent Pərviz Həsənov layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu aspektdə görülən işlər, Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, layiqli əmək anlayışının təyin edilməsinə 4 sfera – məşğulluq, hüquq, müdafiə və dialoq daxildir. Bunlar layiqli gəlirdən başlayaraq əmək şəraiti, işçilər arasında bərabərlik, rəhbərlik ilə işçi arasında dialoq, eləcə də sosial müdafiədən istifadəyə qədər bütün aspektləri əhatə edir.
Qeyd olunub ki, layiqli əmək şəraitində çalışan işçinin əmək keyfiyyəti yüksəlir. BMT-nin 2016-2030-cu illər üzrə təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri də hər kəs üçün layiqli məşğulluğun və layiqli əməyin təbliğ olunmasıdır. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə uyğundur. Azərbaycan BƏT-nin 60-dək konvensiyasına qoşulub, bu qurumla birgə artıq iki Layiqli Əmək üzrə Ölkə Proqramı uğurla icra olunub.
Sonra tədbirdə layiqli əməklə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, rəy və təkliflər dinlənilib (economics.org.az).





