(1953, Auqusta, ABŞ)
Əsərləri: “Böyük Depressiyaya dair esselər” (2004), “Makroiqtisadiyyat” (2008), “Ekonomiks” (2012), “Federal Ehtiyat Sistemi və maliyyə böhranı” (2013),“Hərəkət etmək cəsarəti: böhran və onun nəticələri haqqında xatirələr” (2015), “21-ci əsrin pul siyasəti: Federal Ehtiyat Sistemi Böyük inflyasiyadan COVID-19-a qədər” (2022)
Ben Bernanke müasir dövrün tanınmış amerikalı iqtisadçılarındandır. Onun iqtisadi fikirləri əsasən makroiqtisadiyyat, pul siyasəti və Böyük Depressiyanın səbəbləri və nəticələri üzərində cəmlənmişdir.
Bernankenin fəlsəfəsinin mərkəzində daimi pul təklifinin və bankların ehtiyac duyduqları zaman nağd pula çıxışının təmin edilməsinin vacibliyi dayanır. Onun nəzəriyyəsi ondan ibarətdir ki, banklar və maliyyə institutları mülayim tənəzzüllə üzləşdikdə kredit verməkdən çəkinirlər ki, bu da iqtisadi artımı daha da ağırlaşdırır.
Ben Milton Fridmen məktəbinin davamçılarındandır. Milton Fridmen kimi Bernanke də hesab edir ki, Böyük Depressiya Federal Ehtiyat Sisteminin (FED) səhvləri ucbatından xüsusilə çətin və uzunmüddətli olmuşdur. Bank sisteminin çökməsi və monetar siyasətin passivliyi iqtisadiyyatın dərin böhran yaşaması ilə nəticələnmişdir. O hesab edir ki, böhran dövründə dövlət və Mərkəzi Bank aktiv müdaxilə etməli və FED pul kütləsini artırmalı idi. İqtisadçı göstərir ki, pul təklifi və bank sektorunun sabitliyi iqtisadi stabillik üçün həyati əhəmiyyət daşıyır.
Bernanke bildirirdi ki, Federal Ehtiyatlar Şurası pul kütləsini ümumi milli məhsul (ÜMM) ilə eyni nisbətdə artıraraq inflyasiyanı azalda və iqtisadiyyatı canlandıra bilər. O hesab edir ki, pul və likvidlik iqtisadiyyatda asanlıqla bölüşdürülməlidir.
Ben deflyasiyanı ABŞ iqtisadiyyatı üçün əsas təhlükə hesab edirdi və inflyasiyanı dollar buraxmaqla planlaşdırmağın tərəfdarı idi.
Alimin irəli sürdüyü digər bir arqument FED-in faiz dərəcələrini sıfıra endirmək qabiliyyəti ilə bağlı idi. Onun vəzifədə olduğu dövrdə FED faiz dərəcəsini 2008-ci ilin sentyabrında 5,25%-dən 2010-cu ilin dekabrına kimi 0%-ə qədər endirmişdi.
İqtisadçı çıxışlarının birində bəzən böhran vəziyyətində “helikopterdən pul atmağın” deflyasiya ilə mübarizədə faydalı ola biləcəyi fikrini demişdir. Bundan sonra o, “helikopter Ben” kimi tanınmışdır. “Helikopter pulu” ideyası – iqtisadiyyatda tələbi stimullaşdırmaq məqsədilə Mərkəzi Bank tərəfindən iqtisadi subyektlərə (əhalidən tutmuş şirkətlərə qədər) birbaşa və qarşılıqsız pul verilməsi ilə bağlıdır.
2005-ci ildə Bernanke “əmanət çoxluğu” terminini dövriyyəyə buraxmışdır. Bu ifadənin mahiyyəti odur ki, qlobal əmanətlərin nisbətən yüksək səviyyələri faiz dərəcələrini aşağı salır və ABŞ-ın cari hesab kəsirini maliyyələşdirir.
Ben əsasən ABŞ iqtisadiyyatını xilas edən siyasətlərin həyata keçirilməsinə görə fərqləndirilir. Onun tətbiq etdiyi üsullar ABŞ-da iş yerlərinin sayının artmasına, tanınmış maliyyə institutlarının yaradılmasına və daha güclü iqtisadiyyata səbəb olmuşdur.
Bernanke iqtisadiyyatla bağlı mühafizəkar baxışlara malikdir. Qərar verərkən faktlara və riyazi analizə əsaslanır.
P.S. Ben Bernanke ABŞ-ın Corciya ştatının Auqusta şəhərində yəhudi ailəsində anadan olmuş, Cənubi Karolina ştatının Dillon şəhərində böyümüşdür. Onun atası əczaçı və teatr meneceri, anası isə ibtidai sinif müəllimi idi. Ata baba və nənəsi 1921-ci ildə Polşadan ABŞ-a mühacirət ediblər. Ana babası sinaqoq kantoru və qəssab olub.
Ben uşaq ikən qeyri-adi qabiliyyətlər nümayiş etdirirdi. Kiçik yaşlarında ana babası ona ivrit dilini öyrətmişdir. Balaca olanda onun riyazi istedadı olub. Üç yaşında ikən rəqəmləri bilir, sikkələri sayır və asanlıqla toplayıb çıxmağı bacarırdı. Beysbol statistikasını öyrənməklə riyaziyyat üzrə biliklərini təkmilləşdirmişdi. 11 yaşı olanda ştatda orfoqrafiya müsabiqəsinin qalibi olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə məktəb qəzetinin redaktoru olmuş və əlaçı şagird kimi məktəbin buraxılış mərasimində yekun nitqi söyləmişdir. O, müstəqil olaraq ali riyaziyyatın prinsiplərini öyrənmişdir. Eləcə də, SAT imtahanı üzrə o zaman mümkün olan 1600 baldan 1590 bal toplamaqla ştatda ən yaxşı balı qazanmışdır. Cənubi Karolina ştatı onu ən yaxşı saksofonçulardan biri adlandırmışdır. Bernanke özünü yazıçı kimi sınamış və roman üzərində işləmişdir.
Ben Harvard universitetinə daxil olsa da, valideynləri onun tələbə etirazlarının təsiri altında yəhudiliklə əlaqəsini kəsəcəyindən ehtiyat etdikləri üçün orada oxumasını deyil, evlərinə yaxın olan Cənubi Karolina universitetində təhsil almasını istəyirdilər. Bununla belə, Harvard universitetinin professoru Kennet Menninq Benin valideynlərini onun qəbul olunduğu Harvardda oxumağa inandırmağı bacarmışdır. Orada əvvəlcə ingilis dilini və riyaziyyatı öyrənmiş, sonra isə iqtisadiyyatla maraqlanmışdır. Burada iqtisadiyyat üzrə bakalavr və magistr dərəcələri qazanmış və təhsil aldığı müddətdə özünü əlaçı, çalışqan tələbə kimi tanıtmışdır.
1979-cu ildə Massaçusets Texnologiya İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Aspiranturada monetar iqtisadiyyat üzrə oxumuşdur. Benin elmi rəhbəri Stenli Fişer olmuşdur. O, Prinston, Stanford, Nyu York, Brukinq, Massaçusets universitetlərində dərs demişdir.
2000-ci illərin əvvəllərində akademik və işgüzar dairələrdə geniş tanınmağa başlamışdır. 2002-2005-ci illərdə Federal Ehtiyat Sisteminin (FED) rəhbərlər şurasında fəaliyyət göstərmişdir. Daha sonra, ABŞ prezidenti Corc Buşun yanında iqtisadiyyat üzrə məsləhətçilər şurasının sədri vəzifəsində çalışıb, 2006-2014-cü illərdə 2 dəfə ABŞ FED sədri seçilmişdir. 2007-2008-ci illərdə maliyyə böhranının qarşısını almaq məqsədilə iqtisadi siyasətə rəhbərlik etmişdir. Buna görə 2009-cu ildə Time jurnalı tərəfindən “İlin adamı” seçilmişdir.
Bernanke 2022-ci ildə “banklar və maliyyə böhranları” ilə bağlı araşdırmalarına görə iqtisad elmləri üzrə Nobel mükafatını qazanmışdır. O, bu mükafata amerikalı iqtisadçılar Duqlas Diamond və Filip Dubviq ilə birgə layiq görülmüşdür. Onların araşdırmalarının əsasını bank böhranlarının qarşısının alınmasının nə üçün həyati əhəmiyyət kəsb etməsi təşkil edir. Mükafatın məbləği 10 milyon İsveç kronu (təqribən 900,000 ABŞ dolları) təşkil etmişdir.
Ben Ekonometrika Cəmiyyətinin (1997), Amerika İncəsənət və Elmlər Akademiyasının (2001), Amerika Fəlsəfə Cəmiyyətinin (2006), Milli Elmlər Akademiyasının (2021) üzvü seçilmişdir. Bernanke Vaşinqtonda yerləşən qeyri-kommersiya təşkilatı olan Brookings İnstitutunda iqtisadçı kimi fəaliyyət göstərmiş və maliyyə və pul siyasətləri üzrə məsləhətlər vermişdir.
Ben American Economic Review jurnalının redaktoru olmuşdur. Bir neçə elmi kitabın və iki dərsliyin müəllifidir. O, pul siyasəti və makroiqtisadiyyat da daxil olmaqla müxtəlif iqtisadi məsələlərə dair çoxsaylı akademik jurnal məqalələri dərc etdirmişdir.
Bernanke ailəlidir və iki övladı – qızı və oğlu var. Həyat yoldaşı, məktəbdə ispan dili müəllimi kimi fəaliyyət göstərən Anna Bernanke Stanford Universitetində təhsil alıb. Benin qardaşı hüquqşünasdır, bacısı isə musiqi kollecində çalışır.
O, “Washington Nationals” beysbol komandasının pərəstişkarıdır və tez-tez Nationals Parkdakı oyunlarda iştirak edir. Boş vaxtlarında Bernanke skvoş oynamağı sevir. O, qapalı həyat tərzi sürür.
Həmkarları Bernankeni qeyri-adi yumor hissinə malik, təvazökar insan kimi təsvir edirlər. O, parlaq intellekti, mürəkkəb fikirləri sadə və aydın dildə izah etmə bacarığı ilə seçilir.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





