Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli 2025-ci il mayın 9-da Gürcüstanın paytaxtı Tiflis şəhərində, Suxumi Dövlət Universitetinin professor-müəllim heyəti qarşısında “Hərbi təcavüz və çoxillik işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi metodologiyası (Azərbaycanın nümunəsində)” mövzusunda mühazirə ilə çıxış etmişdir.
Mühazirəçini kollektivə universitetin rektoru, professor Zurab Xonelidze təqdim edərək ETN İqtisadiyyat İnstitutunda aparılan elmi tədqiqatlar haqqında məlumat verib.
Professor N.Müzəffərli Qarabağ münaqişəsinin tarixi, gedişi və 44 günlük müharibədə Azərbaycanın qazandığı şanlı qələbə, ərazilərin işğaldan azad edilməsinə qədər və sonra ölkənin məruz qaldığı zərərin, itkilərin qiymətləndirilməsi üzrə yerli və xarici mütəxəssislər tərəfindən aparılmış tədqiqatlar barədə danışıb.
Mühazirədə ümumi metodoloji problemlərlə yanaşı, insan itkiləri ilə bağlı mənəvi zərərin, daşınar və daşınmaz əmlak üzrə ziyanın, iqtisadi itkilərin, minalarla çirkləndirmənin, ətraf mühitə vurulmuş zərərin və digər bu tip komponentlərin hesablanması və qiymətləndirilməsinin metodologiyası, alət və üsulları ətraflı təhlil olunmuşdur.
Sonda professor N.Müzəffərli iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.





