Mayın 12-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi Elmi Seminar keçirilmişdir. İnstitutun elmi katibi, i.e.d. Leyli Allahverdiyevanın sədrliyi ilə keçirilən tədbirdə “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin müdiri, i.e.d. Yaşar Məmmədov “Azərbaycanda fond bazarının inkişafı” mövzusunda təqdimatla çıxış edib.
Məruzəçi Azərbaycanda fond bazarının formalaşması və inkişafı xüsusiyyətləri, bu sektorun iqtisadiyyata təsiri, dünyanın inkişaf etmiş ölkələrində fond bazarları barədə danışıb, onların ölkəmizlə müqayisəsini verib, yerli qiymətli kağızlar bazarının əsas problemlərini və çatışmazlıqlarını qeyd edib. Əhalinin fond bazarına münasibəti, bazara etimad məsələsi, maliyyə savadlılığı, infrastruktur və rəqəmsallaşma, bahalı xidmətlər kimi məsələlərə diqqət çəkib.
Y.Məmmədovun hazırladığı “Azərbaycanda Fond Bazarının İnkişafı” adlı bülleten son illər ərzində Azərbaycanda fond bazarında baş verən əsas dəyişiklikləri, əldə olunan nailiyyətləri və inkişaf imkanlarını ümumi analitik şəkildə əhatə edir. Fond bazarının mövcud vəziyyətinin və rəqabətqabiliyyətliliyinin milli və beynəlxalq miqyasda müqayisəli təhlili burada öz əksinin tapıb. Təhlildə Azərbaycan Respublikası Mərkəzi Bankının və Dövlət Statistika Komitəsinin (AR DSK) rəsmi məlumatları ilə yanaşı, beynəlxalq maliyyə təşkilatlarının statistik bazalarından istifadə olunmuşdur. Bülletendə verilmiş qrafiklər, diaqramlar və statistik göstəricilər Azərbaycanla yanaşı xarici ölkələri əhatə etməklə beynəlxalq təcrübə əsasında müqayisələr aparmağa imkan verir. Bu isə fond bazarının qlobal və milli inkişaf meyllərini təhlil etmək üçün əhəmiyyətlidir.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılmış və suallar cavablandırılmışdır. (economics.org.az).





