Aprelin 21-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda bir sıra elmi və təşkilati məsələlər müzakirə edilmişdir.
Prof. N.Müzəffərli İnstitutun Sənaye siyasəti və investisiya problemləri şöbəsinin aparıcı elmi işçisi Şahin Sadıqovu “dosent” elmi adı, Demoqrafiya və məşğulluq problemləri şöbəsinin elmi işçisi Nüsrət İbrahimovu “iqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi diplomları almaları münasibəti ilə təbrik edib.
Baş direktor Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin iş planının icrası haqqında məlumat verib. Bildirib ki, İnstitutda anti-korrupsiya təbliğatı və maarifləndirici xarakterli tədbirlər həyata keçirilmişdir.
Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva 2024-cü ildə İqtisadiyyat İnstitutuna qəbul olmuş doktorant və dissertantların fərdi iş planları barədə məlumat verib, iş planları təsdiqlənib.
Elmi Şurada İnklüziv sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Jalə Əliyevaya, gizli səsvermənin müsbət nəticəsi əsasında, dosent elmi adının verilməsi haqda qərar qəbul olunub (economics.org.az).





