“Azərbaycanda rəqəmsal ödəniş xidmətləri bazarının müasir inkişafı” adlı bülleten çap edilib. ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., dosent Yaşar Məmmədovun və i.f.d. Şadiyyə Amanovanın müəllifi olduqları bülleten son illər ərzində rəqəmsal ödəniş xidmətləri bazarında baş verən dəyişikliklərin, əldə edilmiş nailiyyətlərin və mövcud inkişaf imkanlarının ümumi analitik icmalıdır.
Ölkəmizdə rəqəmsal ödəniş xidmətləri bazarının inkişaf səviyyəsini və rəqabətqabiliyyətliliyini müqayisəli şəkildə təhlil etmək məqsədilə tədqiqatda Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin məlumatları ilə yanaşı, beynəlxalq qurumların statistik bazalarına da müraciət olunmuşdur. Bülletendə istinadı göstərilməyən bütün statistik məlumatların, o cümlədən qrafiklərin mənbəyi müvafiq beynəlxalq təşkilatlar, Mərkəzi Bankı və DSK-dır. Azərbaycanda və qlobal miqyasda rəqəmsal ödəniş xidmətləri bazarının inkişaf meyllərinin təhlili və qiymətləndirilməsi bu sahədə müəyyən mülahizələr irəli sürməyə imkan vermişdir.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan bülleten iqtisadiyyat və maliyyə bazarları ilə bağlı tədqiqat aparan və maraqlanan alimlər, mütəxəssislər, biznes nümayəndələri və digər oxucular üçün nəzərdə tutulmuşdur (economics.org.az).
“Azərbaycanda rəqəmsal ödəniş xidmətləri bazarının müasir inkişafı”





