(1943, Geri, ABŞ)
Əsərləri: “Kapital, əmək haqqı və struktur işsizlik”( 1969), “Risklərin artması II: onun iqtisadi nəticələri” (1971), “Bərabərsizliyin ölçülməsinin bəzi nəticələri” (1973), “Təkmil olmayan informasiyalarla məhsul bazarlarında tarazlıq” (1979), “Dövlətin iqtisadi rolu” (1989), “Sosializm hara doğru gedir?” (1996), “İqtisadiyyat” (2002), “Makroiqtisadiyyatın prinsipləri” (2006), “Böyük bölünmə: qeyri-bərabər cəmiyyətlər və onlar barədə nə edə bilərik” (2015), “İnsanlar, güc və mənfəət” (2019), “Azadlığa gedən yol: iqtisadiyyat və yaxşı cəmiyyət” (2024)
Cozef Stiqlits neo-keynsçi amerikalı iqtisadçılardandır. Onun elmi maraqları geniş və müxtəlif olsa da, rəqabətli prosesdə natamam və bahalı informasiyaların rolu mövzusu daim maraq mərkəzində olmuşdur. Alim informasiya asimmetriyasının nəticələrini tədqiq edərək iqtisadiyyatın “İnformasiya iqtisadiyyatı” adlı yeni bir sahəsinin yaradılmasına kömək etmişdir. O, məlumatların toplanılması, emalı və yayılması, həmçinin onun çatışmazlığı şəraitində qərar qəbul etmə problemlərinə diqqət yetirmişdir.
Stiqlitsin ən məşhur araşdırması özəl bir informasiyanın başqasından alınması üçün iqtisadçılar tərəfindən istifadə edilən bir üsul – gözdən keçirmə prosesi barədə olmuşdur. Ənənəvi neoklassik iqtisadi düşüncəyə görə, bazar bəzi limitli və yaxşı açıqlanmış bazar uğursuzluqlarından başqa hər zaman təsirlidir. Alim öz araşdırmaları ilə düşüncəni tərsinə çevirdi. Yəni, bazar bəzi məhdud vəziyyətdə deyil, bəzi istisna olunan vəziyyətlər olduqda təsirlidir.
Cozef hesab edirdi ki, bazarın natamam və informasiyanın da mükəmməl olmadığı vaxtda (bu bütün iqtisadiyyatlar üçün keçərlidir) onun rəqabətli bazara həvalə olunması Pareto prinsipi sayılmaz. Başqa sözlə desək, digərlərinin vəziyyətini pisləşdirmədən belə hər zaman hökumətin müdaxiləsi ilə Pareto prinsipi mövcuddur. Bu nəticələrə və açıqlanmış bazar uğursuzluqlarına baxmayaraq, dövlət müdaxiləsi ənənəvi “bazar uğursuzluğu” məktəbinin təklif etdiyi optimal dövlət müdaxiləsindən daha genişdir.
İqtisadçı qeyd edirdi ki, “görünməz əl” və ya başqa sözlə desək, görünməmiş qüvvələr tərəfindən idarə olunan azad bazarların məhsuldarlığa gətirib çıxarması kimi bir şey yoxdur. Stiqlits bazarın özünün bütün sosial problemləri həll edəcəyinə inanmadığını qeyd etmişdir. Onun fikrincə, bərabərsizlik, işsizlik, ətraf mühitin çirklənməsi və s. kimi hallar dövlətin fəal iştirakı olmadan qarşısı alınmazdır.
O hesab edirdi ki, bugünkü real müzakirə obyekti bazar və hökumət arasında düzgün balansın tapılmasıdır. Hər ikisi də lazımdır və onlar bir-birini tamamlaya bilər. Bu tarazlıq zaman və məkana görə fərqlənəcəkdir.
Stiqlitsə görə, informasiya ilə əlaqədar problemlər sadəcə bazar iqtisadiyyatında deyil, eyni zamanda siyasi iqtisadiyyatda da mövcuddur.
Alim artan bərabərsizliyin öhdəsindən gəlməyə kömək etmək üçün super zənginlərin 70%-ə qədər vergi ödəməsi fikrini müdafiə edir. O, milyarderlərin əksəriyyətinin sərvətlərinin böyük hissəsini şans sayəsində əldə etdiyini qeyd etmişdir.
Cozef, ümumilikdə, makroiqtisadiyyat, pul və ticarət nəzəriyyəsi, dövlət və korporativ maliyyə, sənaye və kənd təşkilatı nəzəriyyələri, rifah iqtisadiyyatı, gəlir və sərvət bölgüsü nəzəriyyələrinə böyük töhfələr vermişdir. 1980-ci illərdə elmi-tədqiqat və işləmələr (R&D) iqtisadiyyatına marağın canlanmasına kömək etmişdir.
P.S. İqtisadçı, ictimai siyasət analitiki, siyasi fəal Cozef Stiqlits kasıb yahudi ailəsində, digər Nobel laureatı Pol Samuelsonun doğulduğu şəhərdə dünyaya gəlmişdir. Anası qaradərili uşaqların təlim aldığı məktəbdə müəllim, atası isə sığorta agenti idi. Kiçik yaşlarından evdə “insan hər zaman düzgün hərəkət etməlidir” prinsipi ilə tərbiyə edilmişdir.
İlk təhsilini dövlət məktəbində almışdır. Orta məktəbdə aparılan şəxsiyyət testinə görə, Stiqlits yaxşı bir ravvin ola bilərdi. Lakin o, bu yolu seçmir. İlk əvvəllər fizikaya həvəs göstərsə də, sonradan riyaziyyata olan maraq və bacarıqlarını mühüm sosial məsələlərdə tətbiq etmək üçün fürsət olacağını düşünərək iqtisadiyyat üzrə ixtisaslaşmışdır. Amherst Kollecini bitirdikdən sonra Massaçusets Texnologiya İnstitutuna daxil olmuşdur. Çikaqo Universitetində araşdırma aparmış, Massaçusets Texnologiya İnstitutunda doktoranturada təhsil almış, 1969-1970-ci illərdə Kembric Universitetində Fulbric təqaüdü qazanmışdır. Onun elmi rəhbəri Robert Solou olmuşdur.
Oksford, Prinston, Mançester, Stenford, Yel, Dyuk, Kolumbiya Universitetlərində dərs demişdir. İqtisadçı 300-dən çox məqalənin və 30-a yaxın kitabın, çox sayda jurnal məqalələrinin müəllifidir. Bütün dünyada aparıcı iqtisadi pedaqoq kimi tanınan alimin yazdığı dərsliklər 10-dan çox dilə tərcümə edilmişdir. Onun kitablarına verilən mükafatlar arasında Avropa Ədəbiyyat Mükafatı, Siyasi Kitablar üzrə Bruno Kreyski Mükafatı və Robert F. Kennedi Kitab Mükafatı da var. “İqtisadiyyatın səsi” jurnalının redaktorlarından biridir. “İqtisadi perspektivlər jurnalı”nı təsis etmişdir.
İqtisadçı 1983-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasına, 1988-ci ildə ABŞ Milli Elmlər Akademiyasına, 1997-ci ildə Amerika Fəlsəfə Cəmiyyətinə, Ekonometrika Cəmiyyətinə üzv qəbul olunmuşdur. 1993-cü ildə Britaniya Akademiyasının müxbir üzvü, 2009-cu ildə London Kral Cəmiyyətinin xarici üzvü seçilmişdir.
Alim 40-dan çox fəxri dərəcə və adlar, mükafatlar almışdır. 1979-cu ildə ona 40 yaşına qədər iqtisadçılara verilən Con Beyts Klark medalı təqdim edilmişdir. “Asimmetrik informasiyalı bazarların təhlilinə görə” 2001-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdir. O, bu mükafata Corc Akerlof və Maykl Spenslə birlikdə layiq görülmüşdür. 2012-ci ildə ona Fəxri Legion ordeni, 2018-ci ildə Sidney Sülh Mükafatı verilmişdir. Kembric və Oksford Universitetlərinin fəxri doktorudur. 2010-cu ildə jurnalistikaya verdiyi töhfələrə görə nüfuzlu Loeb mükafatına layiq görülüb. Kolumbiya, Ekvador və Koreya da daxil olmaqla bir sıra hökumətlər tərəfindən mükafatlandırılmışdır.
Stiqlits iqtisadiyyat sahəsində xidmətləri ilə yanaşı siyasi və ictimai həyatda da mühüm rol oynamışdır. Belə ki, 1992-ci ildə ABŞ prezidenti Bill Klintonun rəhbərliyində çalışmaq üçün Vaşinqtona köçmüş, 1993-1995-ci illərdə İqtisadi Müşavirlər Şurasının üzvü olmuşdur. 1997-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti və baş iqtisadçısı kimi çalışmışdır. 2011-2014-cü illərdə Beynəlxalq İqtisadi Assosiasiyanın prezidenti vəzifəsini icra etmişdir.
Qloballaşma, bazar mühafizəkarlığı, monetarizm, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı haqqında kritik baxış bucağı ilə tanınır. Dünya Bankının yürütdüyü siyasətə qarşı çıxdığına görə bank tərəfindən işdən çıxarılmışdır. ABŞ prezidenti Barak Obamaya məsləhət vermişdir, lakin Obama administrasiyasının maliyyə sənayesini xilas etmək planını tənqid etmişdir. Onun sözlərinə görə, Obama administrasiyasının bankları xilas etmək planını kim hazırlayıbsa, “ya bankların cibindədir, ya da onlar bacarıqsızdırlar”. İqlim böhranını bəşəriyyətin III Dünya Müharibəsi kimi təsvir edən alim yaşıl iqtisadiyyata keçidin tərəfdarıdır.
Açıq Sillabus Layihəsinə görə, iqtisadiyyat kursları üçün kollec proqramlarında ən çox istinad edilən beşinci müəllifdir. 2011-ci ildə “Time” jurnalı tərəfindən “dünyanın 100 ən nüfuzlu insanı” siyahısına daxil edilmişdir.
Təcrübədə öz auditoriyasını genişləndirmək üçün “Cozef Stiqlitslə dünya ətrafında” adlı sənədli film çəkmişdir.
3 dəfə ailə həyatı qurmuşdur. Onun dörd övladı və üç nəvəsi var. 82 yaşlı iqtisadçı hazırda Nyu York şəhərində yaşayır.
Hazırladı:
Gülnarə Fətəliyeva, ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.





