Fevralın 13-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib. İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d. Rəsmiyyə Abdullayevanın da iştirak etdiyi iclasda işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planının icrası, habelə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsi üzrə görülmüş işlərə dair təqdimatlar dinlənilib. Görüşdə, həmçinin əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi və işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətlərində atılan addımlar müzakirə edilib. Habelə hesabatın müvafiq alt-indikatoru üzrə aparılan diaqnostikanın ilkin nəticələrindən, 2025-ci ildə qarşıda duran prioritetlərdən bəhs olunub.





