Azərbaycanlı iqtisadçı alim Londonda yerləşən dünyanın tanınmış “Elsevier” nəşriyyat evinin çap etdiyi, Scopus bazasında Q1 kvartili üzrə nəşrlərin siyahısına daxil olan Böyük Britaniyanın “Nəqliyyat tədqiqatlarının fənlərarası perspektivləri” (Transportation Research Interdisciplinary Perspectives) jurnalının rəyçisidr.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Kamran Abdullayevə jurnalın 2022-2024-cü illərdə əsas beynəlxalq rəyçisi kimi rəsmi sertifikat verilib. Sertifikat Elsevier Journals-ın idarəedici direktoru, xanım Laura Hassink və jurnalın redaktoru tərərfindən təqdim olunmuşdur. Kamran Abdullayevin Scopus bazasına daxil olan beynəlxalq elmi jurnallarda 10 məqaləsi var. H indeksi 4-dür.
Qeyd edək ki, Elsevir dünyanın ən nəhəng nəşriyyatlarından biridir. Hər il dünyada nəşr olunan məqalələrin 1/4-i məhz bu nəşriyyatın payına düşür. Nəşriyyat 1880-ci ildə Niderlandın paytaxtı Amsterdamda yaradılmışdır. Son illər "Reed Elsever Holding"in illik dövriyyəsi 26 milyard ABŞ dollarından artıq olmuşdur (economics.org.az).





