Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər – Həmkarlar Komitəsinin sədri, dosent Pərviz Həsənov, aparıcı elmi işçi Tanrıverdi Paşa, dos. Allahyar Muradov, dos. Tariyel Qurbanov, dos. Rəsmiyyə Abdullayeva və başqaları 20 Yanvar hadisələri zamanı şahidi olduqları hadisələrdən, o dövrdə xalqımızın qəhrəmanlığından, şücaətindən, xalqın milli azadlıq hərakatından danışıblar, dövlət müstəqilliyimizin əldə olunmasını, qorunmasını və möhkəmləndirilməsini böyük tarixi nailiyyətimiz kimi qeyd ediblər.
Habelə o dövrün ictimai-siyasi proseslərinə diqqət çəkərək faciənin baş verməsi səbəblərindən, xalqımızın həmin ağır günlərdə biliyindən, insanların azadlıq mübarizəsindən, fədakarlığından söz açıblar. Qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın tarixində ən qürurlu, ən şərəfli gündür. Xalqımız həmin vaxt bir daha dünyaya göstərdi ki, onun müstəqillik və azadlıq mübarizəsinin qarşısını heç bir qüvvə ala bilməz. 20 Yanvar şəhidlərinin həmişə hörmətlə yad ediləcəyini, Qarabağın işğaldan azad olunmasına, müstəqil Azərbaycanın ərazi bötövlüyünün təmin edilməsinə görə bütün şəhidlərimizin ruhlarının şad olduğunu vurğulayıblar (economics.com.az).





