Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Tanrıverdi Paşa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunmuş seminarda çıxış edib. Tədqiqatçı mədəni irsin cəmiyyətin davamlı sosial-iqtisadi inkişafında rolu və potensial təsir sahələri barədə danışıb, mədəni irsin qorunub saxlanılması, bərpası və ondan istifadəyə dövlət dəstəyinin və müdaxiləsinin zəruriliyini əsaslandırıb.
Seminarda müasir şəraitdə mədəni irsin iqtisadi komponentlərinin qiymətləndirilməsi, səmərəli idarə edilməsi, müxtəlif idarəetmə qurumları səviyyəsində mədəni irs obyektlərinin kapitallaşdırılması strategiyaları barədə tələbələrlə geniş müzakirələr aparılıb. T.Paşa dünya təcrübəsinə əsaslanaraq mədəni irsin Azərbaycanda xarici və daxili turizmin inkişafına, kreativ iqtisadiyyatın təşəkkülünə verə biləcəyi fayda və töhfələr, ağıllı şəhər və ağıllı kənd kontekstində yeni kreativ imkanlar haqqında təcrübələrini bölüşüb.
Tanrıverdi Paşa müəllifi olduğu “Maddi mədəni irsin sosial iqtisadi təsirləri” adlı monoqrafiyasından da ətraflı bəhs edərək bu əsərdə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi-mədəniyyət abidələrinin əhəmiyyətinə görə təhlil olunduğunu bildirib. Regionlarda mədəni irsin idarə edilməsinin təkmilləşdirilməsi, mədəni-tarixi mühitinin yaxşılaşdırılması yolları göstərilib. O əlavə edib ki, bu tədqiqat işində beynəlxalq təcrübəyə uyğun olaraq mədəni irs obyektlərinin qorunub saxlanılması və bərpasına maliyyə mənbələrinin cəlb olunması mexanizmləri təklif olunub.
Əsərin elmi işçilər, mədəniyyət və mədəni irsin iqtisadiyyatı ilə məşğul olan mütəxəssislər, magistr və doktorantlar, ali məktəb müəllimləri və tələbələr üçün nəzərdə tutulduğunu nəzərə alaraq müəllif kitabdan 2 nüsxə ADMİU-nun Kitabxana-informasiya mərkəzinin fonduna hədiyyə edib.





