Yaşıl kitabxana konsepsiyası XX əsrin sonlarından etibarən formalaşmağa başlamış və XXI əsrdə geniş yayılmışdır. "Yaşıl" termini burada həm təbiətə olan hörməti, həm də davamlı inkişafa töhfə vermək məqsədini ifadə edir. Belə kitabxanalar təkcə bilik və informasiya məkanları olmaqla qalmır, həm də ekoloji maarifləndirmə və davamlı inkişaf prinsiplərinin təbliği üçün platforma rolunu oynayır. Bu konsepsiya kitabxana məkanlarının, idarəetmə sistemlərinin və xidmətlərinin ətraf mühitə daha az təsir etməsini təmin etmək məqsədi daşıyır. 1970-1980-ci illəri ekoloji dayanıqlığın və ətraf mühitin qorunması ilə bağlı qlobal hərəkatın intensivləşdiyi bir dövr hesab etmək olar. Bu illər ərzində insanlar sənayeləşmə və urbanizasiyanın ətraf mühitə mənfi təsirlərini daha çox dərk etməyə başladılar. Bu kontekstdə kitabxanalar cəmiyyətin bir parçası olaraq öz fəaliyyətlərini ekoloji trendlərə uyğunlaşdırmağa çalışdılar. 1970-ci illərdə dünyada ekoloji böhranlar və ətraf mühit problemləri diqqət mərkəzinə oldu. Bu kitabxanaların cəmiyyəti ekoloji məsələlər haqqında maarifləndirməkdə rolu mühüm əhəmiyyət kəsb etdi. Onlar ekoloji mövzuda resursların toplanması, sərgilərin təşkili və ekologiya ilə bağlı təlimlərin keçirilməsində iştirak etməyə başladılar.
1990-cı illər kitabxanaların yalnız məlumat mərkəzi funksiyasından kənara çıxaraq ətraf mühitin qorunması, iqtisadi və sosial inkişafın dəstəklənməsi kimi sahələrdə yeni yanaşmaların formalaşdığı bir dövr kimi xarakterizə edilə bilər. 1992-ci ildə keçirilmiş Rio-de-Janeyro Sammiti (BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransı) beynəlxalq səviyyədə davamlı inkişaf anlayışını tanıtdı. Bu sammitdən sonra ekoloji, iqtisadi və sosial aspektlərin inteqrasiyası qlobal müzakirələrin mərkəzinə çevrildi. Rio Sammitində qəbul edilən prinsiplər kitabxanaların həm daxili fəaliyyətinə, həm də ictimai roluna təsir edərək davamlı inkişafın tətbiqinə yol açdı. Xüsusilə də kitabxanalar yeni binaların layihələndirilməsi prosesində davamlı inkişaf prinsiplərinə riayət etməyə başladılar. Yeni kitabxana binalarının tikintisində təbii işıqlandırmanın artırılması, enerji səmərəliliyini təmin edən tikinti materiallarının istifadəsi, su və enerji resurslarının optimallaşdırılması kimi məsələlərə xüsusi diqqət yetirildi. Bununla yanaşı, təkrar emal edilə bilən materialların istifadəsi və yaşıllıq sahələrinin genişləndirilməsi kitabxanaların ekoloji təsirini azaltmağa kömək etdi. Belə yanaşmalar kitabxanaların həm ekoloji dayanıqlılığı təmin etməsinə, həm də oxuculara təmiz və sağlam bir mühitdə xidmət göstərməsinə şərait yaratdı.
2000-ci illərdə 'yaşıl' dizayn və texnologiyaların inkişafı ilə birlikdə kitabxana binalarında LEED (Enerji və Ətraf Mühit Dizaynında Liderlik) və digər ekoloji sertifikatlaşdırma sistemləri tətbiq edilməyə başlandı. Bu sertifikatlaşdırma sistemləri binaların enerji səmərəliliyini artırmaq, ekoloji təsiri minimuma endirmək və davamlı tikinti praktikalarını təşviq etmək məqsədini daşıyır. LEED və digər ekoloji sertifikatlar yalnız kitabxanaların ətraf mühitə təsirini azaltmaqla kifayətlənmir, həm də istifadəçilər üçün daha rahat və sağlam mühitlərin yaradılmasına töhfə verir.
2010-cu illər ekoloji dayanıqlılığın geniş şəkildə yayıldığı bir dövr kimi səciyyələndirilir. Bu illərdə kitabxanalar yalnız məlumat mənbələri təqdim etməklə kifayətlənməmiş, həm də ekoloji dayanıqlılığı təşviq etmək üçün müxtəlif təşəbbüslər həyata keçirmişdir. Enerji qənaəti, su istifadəsinin optimallaşdırılması və təbii resursların qorunması məqsədilə bir sıra yeniliklər tətbiq edilmişdir. Bundan əlavə, ekoloji biliklərin yayılması və cəmiyyətin ətraf mühit məsələlərinə dair maarifləndirilməsi kitabxanaların sosial missiyasının ayrılmaz bir hissəsinə çevrilmişdir. 2020-ci ildən sonra iqlim dəyişikliyi ilə mübarizə diqqət mərkəzinə çevrilmiş, yaşıl kitabxana konsepsiyası isə yeni bir mərhələyə qədəm qoymuşdur. Bu illərdə kitabxanalar yalnız fiziki məkanlar olaraq deyil, həm də ekoloji maarifləndirmə və cəmiyyətin ətraf mühit məsələlərinə dair məlumatlandırılması üçün platformalar kimi fəaliyyət göstərməyə başladı. İqlim dəyişikliyinin vacib və təxirəsalınmaz bir məsələ kimi qəbul edilməsi, kitabxanaların ekoloji layihələrdə daha fəal rol almasına təkan verdi.
2020-ci ildən sonra rəqəmsallaşmanın güclənməsi kağız istehsalının azalmasına, e-kitabların, onlayn və virtual resursların daha geniş istifadəsinə yol açdı. Bu dəyişikliklər kitabxanaların daha dayanıqlı şəkildə idarə olunmasını təmin etməklə yanaşı, ekoloji cəhətdən təmiz bir mühit yaratmağa da töhfə verdi. Dünya miqyasında bir çox tanınmış kitabxanalar, məsələn, Taipei İctimai Kitabxanası (2006) və Freiburg Universiteti Kitabxanası (2015) yaşıl memarlığın öncül nümunələri kimi seçilir. Kitabxanalar təkrar emal və enerji qənaət prinsiplərini tətbiq etməklə, həm ətraf mühiti qorumağa, həm də yeni nəsil üçün dayanıqlı təhsil və məlumat mənbələri yaratmağa başladılar. Yaşıl memarlıq və ekoloji təşəbbüslərin tətbiqi kitabxanaların cəmiyyətə verdiyi ekoloji və sosial faydaları artırmağa kömək etdi. Belə məşhur yaşıl kitabxanalar arasında 2004-cü ildən ABŞ-da fəaliyyət göstərən Seattle Mərkəzi Kitabxanası xüsusilə diqqətəlayiqdir. Bu kitabxana yalnız müasir və innovativ dizaynı ilə deyil, həm də ekoloji prinsiplərin tətbiqinə önəm verilməsi ilə tanınır. Əsas məqsədi ənənəvi kitabxana konsepsiyasını yeniləyərək müasir texnologiyalarla inteqrasiya etmək və cəmiyyəti müasir, innovativ məlumat mərkəzi ilə təmin etməkdir.
Kitabxanada enerji səmərəliliyini nizamlamaq üçün böyük şüşə panellərdən istifadə olunur. Binanın fasadı təbii işıqlandırmanı maksimum dərəcədə artırmaq üçün geniş şüşələrdən ibarətdir. Bu süni işıqlandırma ehtiyacını azaldaraq onun sərfiyyatını minimuma endirir. Binanın dizaynı təbii ventilyasiya sistemlərini dəstəkləyir, bu da kondisioner istifadəsini azaldır. Tikinti zamanı daxili interyerlərdə təkrar emal edilmiş materiallardan istifadə edilmişdir. Binada su sərfiyyatını azaltmaq üçün ağıllı su idarəetmə sistemləri mövcuddur. Yağış suyu toplanaraq müəyyən məqsədlər üçün istifadə edilir.
Seattle Mərkəzi Kitabxanası yalnız bir kitabxana deyil, həm də innovasiya, ekoloji məsuliyyət və müasir memarlıq prinsiplərinin ideal birləşməsidir. Onun dizaynı kitabxana konsepsiyasına yeni nəfəs gətirərək, ictimaiyyətə həm estetik, həm də funksional xidmət göstərir. Ekoloji dayanıqlılıq və texnoloji yeniliklər sahəsində diqqət çəkən nümunələrdən biri də Sinqapurda yerləşən Bishan Kitabxanasıdır. 2006-cı ildə açılmış bu kitabxana həm unikal memarlıq dizaynı, həm də fəaliyyət konsepsiyası ilə diqqət çəkir. Bishan Kitabxanası təbii işıqlandırmadan geniş istifadə olunması və enerjiyə qənaət edən dizayn xüsusiyyətləri ilə seçilir. Bu yanaşma təkcə enerji sərfiyyatını azaltmaqla kifayətlənmir, həm də oxuculara daha rahat və təbii mühit yaradır. Bu səbəbdən Bishan Kitabxanası həm ekoloji dayanıqlılıq, həm də mədəni inkişaf baxımından diqqətəlayiq bir obyekt olaraq fərqlənir. Digər bir nümunə isə Meksikada yerləşən Vasconcelos Kitabxanasıdır. Kitabxana öz adını məşhur meksikalı yazıçı, filosof və təhsil naziri olan José Vasconcelosdan alıb. Bu, kitabxananın təhsil və mədəniyyət sahəsindəki rolunu vurğulayan simvolik bir seçimdir.
2006-cı ildə istifadəyə verilən bu kitabxana Meksikanın tanınmış memarı Alberto Kalach tərəfindən layihələndirilib və geniş ərazidə yerləşən yaşıl məkanlarla harmonik bir dizayn təqdim edir. Bina təbii işıqlandırmaya və havalandırmaya üstünlük verən bir şəkildə dizayn edilib ki, bu da enerji sərfini əhəmiyyətli dərəcədə azaldır. Vasconcelos Kitabxanası yalnız Meksika üçün deyil, bütün dünya üçün davamlı memarlıq, mədəni inkişaf və biomüxtəlifliyin qorunması sahəsində önəmli bir nümunədir. Onun dizaynı və fəaliyyəti müasir kitabxana anlayışına fərqli və yenilikçi bir perspektiv gətirir.
Azərbaycanda keçirilən COP29 (BMTnin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı) yaşıl kitabxana konsepsiyasının inkişafına geniş və çoxşaxəli təsir göstərə bilər. Hazırda ölkədə tam olaraq "yaşıl kitabxana" statusuna uyğun kitabxanalar mövcud olmasa da, belə bir yanaşmanın tətbiqi potensialı böyükdür. Məsələn, Azərbaycan Milli Kitabxanası bu istiqamətdə mühüm addımlar ataraq rəqəmsal resurslara keçid edir və bununla da kağız istifadəsini azaltmağa çalışır. Belə təşəbbüslər COP29-un tövsiyələri ilə uzlaşaraq ölkədə yaşıl kitabxana konsepsiyasının tətbiqi üçün praktik nümunə ola bilər və oxuculara müasir və əlverişli xidmətlər təqdim etməyə imkan yaradar.
COP sammitləri qlobal iqlim siyasətinin müəyyənləşdirildiyi əsas platforma kimi çıxış edir və burada qəbul edilən qərarlar müxtəlif sahələrə, o cümlədən kitabxana və mədəniyyət mərkəzlərində dayanıqlılıq təşəbbüslərinin inkişafına təkan verə bilər. Bu sammitlərdə qəbul olunan strategiyalar ekoloji məsuliyyətin artırılması, enerji səmərəliliyi və yaşıl texnologiyaların tətbiqi ilə belə mərkəzlərin daha davamlı fəaliyyət göstərməsinə şərait yaradır. Bu Azərbaycanda innovativ və davamlı kitabxana modellərinin yaradılmasına imkan verə bilər.
Şəfəq İslamova,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun kitabxana müdiri, tarix üzrə fəlsəfə doktoru
"İqtisadiyyat" qəzeti, 5-11 dekabr 2024-cü il





