Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” layihəsinin tədqiqat qrupunun üzvləri Şamaxı rayonunda olublar.
Layihənin koordinatoru, professor Tərbiz Əliyevin rəhbərlik etdiyi tədqiqat qrupunun üzvləri Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Muradlı ilə görüşüblər. Tədbirdə həmçinin İqtisadiyyat İnstitutunun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev, şöbə müdirləri - dosent Mahir Zeynalov və dosent Famil Rüstəmov iştirak ediblər.
Görüşdə İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə bu ilin dekabr ayında Şamaxıda yerli icra hakimiyyəti orqanlarının, əlaqədar dövlət qurumlarının nümayəndələrinin, ekspertlərin, sahibkarların iştirakı ilə keçirilməsi nəzərdə tutulan işgüzar investisiya forumuna hazırlıq məsələləri geniş müzakirə edilib. Prof. T.Əliyev layihə çərçivəsində indiyədək görülən işlər, Şamaxı ilə bağlı toplanan və təhlil edilən materiallar, aparılmış tədqiqatlar və qiymətləndirmələr, onların əsasında çapa hazırlanan kitab barədə məlumat verib. Habelə “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” layihəsi ilə bağlı bundan sonra nəzərdə tutulan işlər və forumla hazırlıqla bağlı təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb (economics.org.az).





