8-9 oktyabr 2024-cü il tarixlərində Rusiyanın tanınmış elm şəhəri olan Novosibirskdə beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransın təşkilatçıları Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi, Sənaye İqtisadiyyatı və Təşkili İnstitutu, Novosibirsk Dövlət Universiteti, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti (Qazaxıstan) idi. Konfransın mövzusu “Sibir və Mərkəzi Asiya: iqtisadi, tarixi və humanitar əlaqələr” olsa da tədbirə Azərbaycan alimləri də dəvət olunublar. AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov) konfransın açılış mərasimində distant qaydada iştirak etmiş, konfransın həsr olunduğu problemin vacibliyini qeyd etməklə yanaşı onun işinə uğurlar arzulamışdır. (Youtube)
Konfransın plenar iclasında iştirak edən ETN İqtisadiyyat İnstitutunun Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzinin rəhbəri, dosent Azər Səfərov “Azərbaycanın post-konflikt ərazilərində yeni iqtisadiyyat quruculuğunda iştirak MDB və Türk Dövlətləri Təşkilatı çərçivəsində investisiyalar üzrə əməkdaşlığın və iqtisadi inteqrasiyanın gücləndirilməsi amilidir” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə hələ sovet dönəmindən post-sovet ölkələrində iri miqyaslı ekoloji, iqtisadi, hərbi-siyasi problemlərin yığılıb qaldığı, bu mirasdan yaxa qurtarmaq üçün region dövlətlərinin sıx əməkdaşlığına ehtiyac olduğu, MDB və Avrasiya İqtisadi İttiffaqı kimi qurumların bu problemlərin həllində aciz olduğu, ona görə də Türk Dövlətləri Birliyinə müəyyən ümüdlər bəsləndiyi qeyd olunmuşdur. Konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır ki, əvvəllər Qarabağ probleminin həllini tapa bilməməsi bütün region ölkələri üçün böyük risklər yaratdığı kimi bu problemin Azərbaycanın öz gücü hesabına həll olunmasından sonra da erməni işğalının fəsadlarının mənfi təsiri nəinki Azərbaycanın və Ermənistanın, bütövlükdə region ölkələrinin iqtisadi inkişafına əngəl törədən ağır bir maneə olaraq qalır. Məruzədə bu maneəni aradan qaldırmaq üçün bütün region ölkələrinin sıx əməkdaşlığına ehtiyac olduğu, xüsusi ilə birgə investisiyaların nəinki iqtisadi inteqrasiyanın dərinləşməsinə kömək edəcəyi, habelə region ölkələrindən hər birinin bu əməkdaşlıqdan əhəmiyyətli dərəcədə yararlanacağı əsaslı dəlillərlə qeyd olunmuşdur.
Konfransdan əvvəl Azər Səfərov Akademiya şəhərciyində yaradılmış texnoparkda olmuş, oradakı rezidentlərin innovasiya və investisiya potensialı ilə tanış olmuşdur. Elm şəhərciyi Kalsovada şəhər meri innovasiyaların və investisiyaların təşkilinin unikal təcrübəsi haqda ətraflı məlumat vermişdir.
Konfransdan sonra Azər Səfərov Mərkəzi Asiya ölkələrindən gəlmiş iştirakçılarla elmi əməkdaşlığın mümkün istiqamətləri və post-konflikt ərazilərdə yeni iqtisadiyyatın yaradılması prosesinə investisiyaların cəlb edilə bilməsi perspektivləri haqqında müzakirələr aparmışdır. Konfrans iştirakçılarından J.A.Kulekeeyev (Qazaxıstan Respublikasının keçmiş iqtisadiyyat naziri, indi “Xalık bank AC” müşahidə şurasının üzvü), B.Bayetov (Qırğızıstan Respublikasının keçmiş iqtisadiyyat nazirinin birinci müavini, Qırğızıstan İqtisadiyyat İnstitutunun direktoru), A.U.Mirzayev (Özbəkistan MEA Navoi Bölməsinin sədri, Navoi metallurqiya və qeyri-metal kombinatları Müşahidə Şurasının üzvü), D.Y.Verxovod (Novosibirsk Akademparkın baş direktoru) və digərləri bu cür əməkdaşlığın mümkün və zəruri olduğunu təsdiq etmiş, bu sahədə əməkdaşlığa hazır olduqlarını bildirmişlər (economics.org.az).





