Oktyabrın 10-da Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları” respublika elmi konfransı çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arasında akademik əməkdaşlıq memorandumu imzalanıb. Sənədi İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli və NDU-nun rektoru Elbrus İsayev imzalayıblar.
Memorandumda akademik və tədqiqat heyətlərinin mübadiləsini əhatə edən birgə tədqiqat işlərinin təşviq edilməsi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, birgə nəşr və ya mədəni fəaliyyətlərin həyata keçirilməsi, konfrans, seminar, simpozium, konqres və bir sıra ortaq elmi tədbirlərin təşkili, İqtisadiyyat İnstitutunun əməkdaşlarının NDU-da tədris prosesinə cəlb olunması nəzərdə tutulub.
Prof. Nazim Müzəffərli ETN İqtisadiyyat İnstitutunun alimlərinin son illər apardıqları tədqiqatlar əsasında çap olunmuş nəşrlərini NDU-nun kitabxanası üçün rektor Elbrus İsayevə təqdim edib (economics.org.az).





