Oktyabrın 10-da Naxçıvan Dövlət Universiteti (NDU), Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu və Ləzzət Qrup MMC-nin birgə təşkilatçılığı ilə NDU-da “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları" respublika elmi konfransı keçirilib.
Konfransda ETN İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli, direktorun müavini Şakir Alıyev, şöbə müdirləri – prof. Fuad Qənbərov, dos. Allahyar Muradov, dos. Mahir Zeynalov, dos. Famil Rüstəmov və dos. Pərviz Həsənov iştirak ediblər.
Konfransdan əvvəl qonaqlar Ulu Öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi düzüb və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeydə ETN İqtisadiyyat İnstitutunun əməkdaşlarına dahi şəxsiyyətin həyatı və çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib.
Naxçıvan Dövlət Universitetində keçirilən konfransda, öncə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan sərgiyə baxış olub. Muxtar Respublikanın tarixi-mədəni abidələri, coğrafiyası və Ümummilli Lider Heydər Əliyevin Naxçıvan dövrünü əks etdirən sərgi maraqla qarşılanıb.
Konfrans başlamazdan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın plenar iclasında açılış nitqləri dinlənilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağının illik fəaliyyət planında nəzərdə tutulan konfransın məqsədi, müvafiq mövzu üzrə elm adamlarının çoxistiqamətli elmi araşdırma nəticələrinin kompleksləşdirilməsi, sistemləşdirilməsi və milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinin daha da əlçatan olması sahəsindəki əsaslandırmalardan ibarətdir. Bildirilib ki, bu gün universitetlər qarşısına qoyulan tələblər və əsas meyarlar iqtisadiyyat və sənayeləşmə ilə bağlıdır. Bu baxımdan konfransın mahiyyətini yüksək qiymətləndirən rektor ali təhsil ocağında bu istiqamətdə tədris aparılan ixtisasların əhəmiyyətindən bəhs edib. Elbrus İsayev Universitetin İqtisadiyyat fakültəsində ixtisasların və strateji hədəflərin əmək bazarının tələblərinə uyğun qurulması istiqamətində işlərin davam etdiyini bildirib. Qeyd olunub ki, universitetin sahibkarlıq müəssisələri ilə qurulan səmərəli əməkdaşlıqları imkan verir ki, təhsilalanlar əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşsın. Rektor müasir çağırışlarla universitetin tədqiqat mühitinə öz töhfəsini verən konfransın işinə uğurlar arzu edib.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Abbas İsmayılov Azərbaycanda ixracyönlü sənayenin inkişafı ilə bağlı həyata keçirilən islahatların və sosial inkişaf üçün yeniliklərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, muxtar respublikada əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində vergi nəzarəti gücləndirilib, vergi ödəyicilərinə xidmət göstərən mərkəzlər yaradılıb. Vurğulanıb ki, son illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üçün qəbul edilən dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər, Naxçıvan MR-da iqtisadi yüksəlişə, yeni iş yerləri və müəssisələrin yaradılmasına, həmçinin kommunal və sosial infrastrukturun inkişafına səbəb olub.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək, iqtisadi sahədə aparılan elmi tədqiqatlardan bəhs edib. Habelə rəhbərlik etdiyi İnstitutun Naxçıvan Dövlət Universiteti ilə iqtisadiyyat sahəsində birgə əməkdaşlığının əhəmiyyətindən danışıb. Naxçıvan MR-nın iqtisadi potensialını, inkişaf perspektivlərini, sənaye potensialı və ixrac imkanlarını, biznes mühiti və sahibkarlığın inkişafı meyillərini, əhalinin rifanın yüksəlməsinini, regionun sosial-iqtisadi tərəqqisinin iqtisadi və siyasi əhəmiyyətini xüsusi qeyd edib.
“Ləzzət Group” MMC-nin sahibkarı Teymur Rzayev 1995-ci ildən etibarən dünyanın bir çox ölkəsi ilə əməkdaşlığı olan şirkətin keçdiyi inkişaf yolundan, muxtar respublika iqtisadiyyatına verdiyi töhfədən bəhs edib. Qeyd edilib ki, “Ləzzət Group” MMC-nin Naxçıvan Dövlət Universiteti ilə sıx əlaqələri mövcuddur və universitetin məzunları şirkətdə səmərəli fəaliyyət göstərirlər.
Konfransda ETN İqtisadiyyat İnstitutunun professoru Fuad Qənbərovun “Zəngəzur Dəhlizinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına təsiri”, NDU-nun “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, dosent Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikasında ixracyönlü sənayenin inkişafı yeni iqtisadi reallıqlar müstəvisində” adlı məruzələri dinlənilib.
Konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına həsr olunan videoçarx izlənilib. Konfrans çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə ETN İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Üz-üzə və onlayn formatda davam edən konfrans 3 elmi bölmdə 6 panel müzakirələrlə işini davam etdirib. 20-ə yaxın ali təhsil müəssisəsinin elm adamları tərəfindən 44 mövzu ətrafında elmi məruzələr dinlənilib. Üç ayrı-ayrı paneldə müzakirələr ETN İqtisadiyyat İnstitutundan prof. Fuad Qənbərovun, dos. Famil Rüstəmovun və dos. Mahir Zeynalovun moderatorluğu ilə keçirilib. Habelə onlarla yanaşı İqtisadiyyat İnstitutunun digər alimlərinin konfransa təqdim etdikləri müxtəlif mövzularda məruzələri dinlənilib.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub (economics.org.az).





