Sentyabrın 20-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Texnologiya Universitetinin doktorantı Asiman Rasim oğlu İlyasovun 5311.01 – “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə “Azərbaycanın ali təhsil müəssisələrində əmək bazarının tələblərinə uyğun kadr hazırlığının keyfiyyət təminatı problemləri” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra A.İlyasov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





