İyunun 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan iclasda elmi fəaliyyətin cari vəziyyəti, kadr hazırlığı və beynəlxalq əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.
İclasın əvvəlində professor Nazim Müzəffərli İnstitutun əməkdaşları Kamran Abdullayevi elmlər doktoru elmi dərəcəsi, İntizar Qurbanovanı isə dosent elmi adı almaları münasibətilə təbrik edərək onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra İnstitutun icraçı direktoru, dosent Famil Rüstəmov elmi şöbələrin 2026-cı ilin birinci yarısında yerinə yetirdikləri elmi-tədqiqat işlərinin nəticələri barədə hesabat təqdim edib. O bildirib ki, hesabat dövründə bütün şöbələr üzrə elmi əməkdaşların iştirakı ilə müzakirələr aparılıb, tədqiqatların icra vəziyyəti, elmi məqalələrin hazırlanması və nəşri, beynəlxalq və yerli konfranslarda iştirak məsələləri qiymətləndirilib. Eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması və dərinləşdirilməsi istiqamətində müvafiq təklif və tövsiyələr verilib.
İclasda həmçinin Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın təqdimatı əsasında İnstitutun doktorantura hazırlığı üzrə 7 ixtisas üzrə qəbul imtahanlarının proqramları müzakirə edilərək təsdiq olunub.
Elmi Şuranın diqqət mərkəzində olan məsələlərdən biri də beynəlxalq elmi əməkdaşlıq olub. Şöbə müdiri, professor Rəsmiyyə Abdullayeva və şöbə müdiri, dosent Allahyar Muradov 15–17 may 2026-cı il tarixlərində Türkiyədə keçirilən III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi barədə məlumat veriblər. Marmara Universitetinin Siyasi Elmlər Fakültəsi və Türk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı ilə keçirilən konqres Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TİKA, YTB, Türk Akademiyası və Türk Dünyası Bələdiyyələr Birliyi tərəfindən dəstəklənib. Məlumatda qeyd olunub ki, R.Abdullayeva konqresdə “Türk dövlətlərinin dünyaya inteqrasiyası və dayanıqlı inkişaf: sosial sahibkarlıq modeli”, A.Muradov isə “Türk dövlətlərinin inkişaf etmiş ölkələrlə iqtisadi əlaqələrinin innovativ inkişafa təsiri: çətinliklər və imkanlar” mövzularında məruzələrlə çıxış ediblər.
İnstitutun elmi katibi, iqtisad elmləri doktoru Leyli Allahverdiyevanın təqdimatı əsasında fəlsəfə doktorluğu hazırlığı üzrə təhsil almış iki keçmiş dissertant üçün yeni elmi rəhbərlərin təyin olunması barədə qərar qəbul edilib.
İclasın sonunda Elmi Şuranın qərarı ilə tarix üzrə fəlsəfə doktoru Şəfəq İslamovanın “Kitabxanaların rəqəmsal transformasiyası” və iqtisad üzrə fəlsəfə doktoru Vəfa Həşimovanın “Pensiya sisteminin liberallaşdırılması” adlı monoqrafiyaları çapa tövsiyə olunub.
Elmi Şuranın iclasında qəbul edilən qərarların İnstitutda aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, elmi potensialın gücləndirilməsinə və beynəlxalq elmi əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi vurğulanıb.




