Sentyabrın 10-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun "Zoom" vasitəsilə növbəti iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun nümayəndələri iştirak edib. ETN İqtisadiyyat İnstitutunu İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva təmsil edib.
İclasda “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə fəaliyyət planının və Dünya Bankının “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı təsdiq edilmiş “Yol Xəritəsi”nin cari ilin 1-ci yarımili üzrə Komissiyaya təqdim edilmiş hesabatı dinlənilib, eləcə də, işçi qrupunun fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib. İclasda “Əmək bazarında ali təhsilli işçilər üzrə müqayisəli təhlil: dövlət sifarişinin təkmilləşdirilməsi istiqamətində təkliflər” mövzusunda təqdimat edilib. R.Abdullayeva iclasda çıxış edərək təklif və tövsiyələrini verib.





