Sentyabrın 9-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun doktoranturasına iqtisadiyyat fənləri üzrə fəlsəfə doktoru hazırlığı proqramını əhatə edən qəbul üzrə ixtisas fənnindən qəbul imtahanlarının keçirilməsinə start verilib. Bu gün 2 ixtisas üzrə imtahanlar keçirilib. Sentyabrın 10-11-də daha 4 ixtisas üzrə imtahanlar olacaq.
2024-cü ildə İqtisadiyyat İnstitutunda doktorantura və dissertanturaya qəbul altı ixtisas üzrə aparılır: Daxili fiskal siyasət və dövlət maliyyəsi, Texnoloji innovasiyalar iqtisadiyyatı, İqtisadi nəzəriyyə, Ümumi iqtisadiyyat, Dünya iqtisadiyyatı və Sahə iqtisadiyyatı. Fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş müraciətlərin böyük əksəriyyəti doktoranturaya qəbul planı üzrədir.
İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə imtahan komissiyaları yaradılıb.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva bildirib ki, şəffaflıq şəraitində baş tutan imtahanda doktoranturaya qəbul üzrə ingilis dili və fəlsəfə imtahanlarından uğurla keçmiş iddiaçılar iştirak edirlər. İmtahan komissiyası tərəfindən bütün imtahanların nəticələri nəzərə alınmaqla doktoranturaya qəbul olanların adları yaxın günlərdə açıqlanacaq (economics.com.az).





