İyunun 29-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı İnstitutun Həmkarlar Təşkilatı tərəfindən təşkil olunmuş Şuşa turunda iştirak ediblər.
Tur iştirakçıları əvvəlcə Xurşidbanu Natəvanın ev muzeyini, onun adına olan Natəvan bulağını, Üzeyir Hacıbəylinin heykəlini ziyarət ediblər, tut bağında gəziblər. Divarları 1754-cü ildə inşa edilmiş Şuşa qalasının üç əsas qapısından digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdədir. Tur rəhbəri Şuşa qalası, Yuxarı Gövhər Ağa Məsçidi haqqında maraqlı məlumatlar verib. İştirakçılar məsçidi ziyarət ediblər. Növbəti səyahət tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını qeyd etdiyi Cıdır düzünə ("yarış meydanı") oldu. Cıdır düzü qədim Şuşanın əsas aktiv istirahət yeri olub. Burda nəinki at və dəvə, həm də pəhləvan yarışları, eyni zamanda ədəbi-musiqili məclislər təşkil olunurdu. Sonra tur iştirakçıları M.P.Vaqifin Muzey-Məqbərə Kompleksini ziyarət ediblər.
İqtisadiyyat institutunun əməkdaşları economics.org.az saytına öz təəssüratlarını bölüşüblər. Onlar Şuşaya gedən yolda Füzuli rayonunun dağıdılmış və yandırılmış kəndlərini ürək ağrısı ilə seyr etdiklərini vurğuladılar: “Viran edilmiş torpaqları görəndə bir anlıq gözümüzün önündə minlərlə Azərbaycan əsgərinin ağır döyüşlərdə bu torpaqların hər qarışı üçün həlak olması canlandı. Digər tərəfdən, Ağ şəhəri xatırladan yeni Füzulinin ucalan binaları, yeni tikilmiş hava və avtomobil yol marşrutları gözəl gələcəyə böyük ümidlər vəd edirdi. Füsünkar təbiətilə bizi valeh edən Xocavənd və onun dağlarının qoynunda salınmış Zəfər yolu bizə qürur və sevinc hissi yaşatdı”.





