İyunun 14-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyevin 85 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli prof. Əli Nuriyevin İqtisadiyyat İnstitutunun baş elmi işçisi kimi məhsuldar elmi fəaliyyətindən, tədqiqatlarından söz açıb, onu yubiley yaşı münasibəti ilə təbrik edib.
Sonra professor Əli Nuriyev “Azərbaycanda regional siyasətin və idarəetmə sisteminin təkmilləşməsi problemləri” mövzusunda çıxış edib. Alim öz məruzəsində müstəqillik illərində Ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli varisi Prezident İlham Əliyevin qəbul etdiyi sosial-iqtisadi inkişaf strategiyalarının qısa xülasəsini verdi. Prezident İlham Əliyev tərəfindən bəyan edilmiş Azərbaycanın hərtərəfli inkişafı, zəngin və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi kimi uzunmüddətli strategiyanın reallaşması şərtləri şərh olundu. Azərbaycanın bu strategiyanın reallaşması üçün böyük imkana malik olduğu qeyd edildi. Ə.Nuriyev vurğuladı ki, bu imkanlardan istifadə etməklə strategiyanın reallaşması üçün əsas diqqətin aşağıdakı məsələlərin həllinə yönəldilməsi vacibdir: iqtisadi-coğrafi rayonlaşdırmaya olan münasibətdə mövqe fərqlərinin aradan qaldırılması, inzibati-ərazi bölgüsü və ərazi (regional) sisteminin təkmilləşdirilməsi və burada regionlarda istehsal potensialından istifadə səviyyəsinin tarazlaşmasına diqqətin artırılması, aqrar-sənaye kompleksinin ixtisaslaşmış, səmərəli və keçmişdə zəngin təcrübə toplanmış sahələrinin inkişafına diqqətin artırılması, bu sahələrin inkişafında dövlət-sahibkar əməkdaşlığının, dövlətin təşkiledici-tənzimləyici rolunun artırılması.
Sonra məruzə ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı. Tədbirdə çıxış edənlər, o cümlədən, prof. Rəna Sultanova, prof. Tərbiz Əliyev, i.e.d. Sevda Mikayılova, aparıcı elmi işçi Tanrıverdi Paşa və digərləri Əli Nuriyevin elmi-pedaqoji fəaliyyəti, alim və ağsaqqal kimi zəhmətsevərliyindən, xeyirxahlığından danışıblar, onu 85 illik yubileyi münasibəti ilə təbrik ediblər (economics.org.az).





