Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) açılıb.
Builki sərgidə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb. Sərgilər ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkəti bir araya gətirib. Azərbaycanla yanaşı, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, İspaniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İran İslam Respublikası, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan şirkətlər iştirak edirlər. Almaniya, Belarus, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirir.
“Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. Sərgi çərçivəsində “Beynəlxalq Aqrar İnnovasiya Forumu” da keçirilir, kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələr təşkil olunub. Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdirləri, professor Tərbiz Əliyev və dosent Famil Rüstəmov sərgi ilə yaxından tanış olublar, innovasiya forumunda iştirak ediblər.





