İyulun 29–30-da Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı “Ağdaş rayonunun strateji sosial-iqtisadi inkişaf istiqamətləri” layihəsi çərçivəsində Ağdaş rayonunda olublar.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ilə görüş keçirilib. Layihənin koordinatoru, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev layihə üzrə aparılan elmi tədqiqatların gedişi barədə ətraflı məlumat verib. O bildirib ki, tədqiqat çərçivəsində sahibkarlar və mütəxəssislər arasında sorğular keçirilib, rayon iqtisadiyyatının kənd təsərrüfatı, sənaye, xidmət, logistika, enerji, turizm və digər sahələri üzrə mövcud vəziyyət təhlil olunub, inkişaf potensialı qiymətləndirilib və müvafiq layihə təklifləri hazırlanıb.
Professor T.Əliyev həmçinin layihə çərçivəsində nəzərdə tutulan tədbirlər, hazırlanmış təhlil və qiymətləndirmələrin ilkin nəticələri barədə məlumat verib. Görüş zamanı rayonun sosial-iqtisadi inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, elmi tədqiqatların davam etdirilməsi və layihənin praktiki əhəmiyyətinin artırılması ilə bağlı təklif və tövsiyələr səsləndirilib.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Əli Kərimovla da görüş keçirilib. Görüşdə layihə üzrə aparılan tədqiqatların cari vəziyyəti, qarşıdakı mərhələdə görüləcək işlər və təşkilati məsələlər müzakirə olunub.
Müzakirələrdə İqtisadiyyat İnstitutunun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev, şöbə müdirləri Allahyar Muradov və Mahir Zeynalov, eləcə də Ağdaş Rayon İcra Hakimiyyətinin sektor müdiri Xanmusa Əhmədov iştirak ediblər.
Qeyd edək ki, “Ağdaş rayonunun strateji sosial-iqtisadi inkişaf istiqamətləri” layihəsinin məqsədi rayonun mövcud iqtisadi potensialının elmi əsaslarla qiymətləndirilməsi, imkanların müəyyənləşdirilməsi, özəl investisiyalar üçün cəlbediciliyinin artırılması və uzunmüddətli sosial-iqtisadi inkişaf üzrə strateji təkliflərin hazırlanmasıdır. Layihənin nəticələrinin Ağdaş rayonunun gələcək inkişafının planlaşdırılmasına və investisiya cəlbediciliyinin artırılmasına töhfə verəcəyi gözlənilir(economics.org.az).






